Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-18 16:25:00
Fövqəladə hallara hazırlığa dair “Açıq dərs” keçirilib-FOTO  

Təhsil müəssisələrinin müəllim-şagird heyətinin partlayıcı hərbi sursat və mina təhlükəsinə dair maarifləndirilməsi ilə bağlı “Açıq dərs”lər keçirilir.

 

AzEdu.az xəbər verir ki, “Mina təhlükəsinə qarşı maarifləndirmə” mövzusunda  “Açıq dərs”lər ilk olaraq paytaxtdakı 114, 191 və 208 nömrəli tam orta məktəblərdə keçirilib.

 

Dərslərdə Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Suraxanı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Toğrul Vəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Vətən Müharibəsində iştirak edən müəllimlər, Suraxanı və Xətai rayon ərazisində yerləşən məktəblərin Gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri, şəhidlərin ailə üzvləri və şagirdlər iştirak ediblər.

 

“Açıq dərs”lərin keçirilməsinin əsas məqsədi təhsil müəssisələrinin müəllim-şagird heyətinin diqqətini baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, onların partlayıcı hərbi sursat və mina təhlükəsinə qarşı bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

 

“Açıq dərs”lərdə Gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri tərəfindən qəza zamanı göstərilən ilk tibbi yardım, minaların növləri, onların təhlükəsi və digər mövzular barədə məlumatlar əyani vəsaitlər və videoçarxlar vasitəsilə nümayiş olunur. Praktiki olaraq şagirdlərə mina partlayışı zamanı ilkin xilasetmə işləri öyrədilir.

 

Eyni zamanda partlayıcı hərbi sursat və mina partlayışı nəticəsində yaralanmış qazilər partlayıcı qurğuların törətdiyi təhlükədən danışaraq bununla bağlı öz tövsiyələrini veriblər.

 

Qeyd edək ki, partlayıcı hərbi sursat və mina təhlükəsinə dair keçirilən maarifləndirici “Açıq dərs”lərin fevral ayı ərzində paytaxtın digər inzibati rayonlarının ümumi təhsil müəssisələrini də əhatə etməsi nəzərdə tutulur.