Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-16 10:24:00
ADNSU şəhidinin doğum günündə barelyefi açılıb

Fevralın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Vətən müharibəsində şəhid olmuş məzunlarından biri Davud Qurbanovun doğum günündə yaşadığı evin yaxınlığında barelyefinin açılışı olub.

 

AzEdu.az xəbər verir ki, mərasimdə Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, rayon icra hakimiyyətinin nümayəndələri, ADNSU nümayəndələri, şəhidin ailə üzvləri, iş və döyüş yoldaşları, təhsil aldığı məktəbin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Mərasim 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinin 1 dəiqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra xalqımızın 30 illik torpaq həsrətinə son qoyan 44 günlük Vətən müharibəsində ordumuzun qüdrətindən və şəhidlərin qəhrəmanlğından danışılıb. Çıxışlarda Davud Qurbanovun vətənpərvərliyindən və keçdiyi döyüş yolundan bəhs olunub.  

 

Mərasimdə çıxış edən ADNSU-nun Tərbiyə İşləri üzrə prorektoru, dosent Ata Babayev universitet rəhbərliyi adından şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Bütün vətən müharibəsi şəhidlərinin xatirəsinin universitetdə hər zaman yüksək tutulduğunu deyən A.Babayev onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra işlər görüldüyünü deyib.

 

Sonra şəhid D.Qurbanovun barelyefi üzərindəki örtük götürülüb, önünə gül dəstələri düzülüb.

 

Qeyd edək ki, şəhid Qurbanov Davud Tariyel oğlu 15 fevral 1996-cı ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə Bakı şəhəri 299 saylı orta məktəb-liseyini bitirib və həmin ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinə daxil olmuşdur. 2017-ci ildə ADNSU-nun bakalavr dərəcəsini bitirərək magistraturaya daxil olub. 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Oktyabrın 3-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Davud Qurbanov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.