Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-15 12:15:00
UNEC: Elmi şuranın iclasında yaz semestri üzrə tədrisin təşkili haqqında təqdimat dinlənilib  

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elmi şuranın növbəti iclası keçirilib.

 

Bu barədə AzEdu.az-a UNEC-dən məlumat verilib. Bildirilib ki, iclasda 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının yekunları üzrə hesabat və yaz semestri üzrə tədrisin təşkili haqqında təqdimat dinlənilib.

 

UNEC İmtahan Mərkəzinin direktoru dosent Söhrab İsayev imtahanlarda 12 min 197 nəfər bakalavr, 3 min 70 magistr olmaqla, ümumilikdə 15 min 267 tələbənin iştirak etdiyini bildirib. Hesabatda fakültələr üzrə ən yüksək keyfiyyət göstəricisinin Beynəlxalq İqtisadiyyat Məktəbində, ən yüksək müvəffəqiyyət göstəricisinin isə “SABAH” Mərkəzində olduğu vurğulanıb. İmtahan nəticəsi ilə bağlı apellyasiya müraciətlərinin, eləcə də rektorun və UNEC İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə keçirilən “Açıq qapı” günlərinə olunan müraciətlərin sayının ötən illərlə müqayisədə az olduğu diqqətə çatdırılıb.

 

Sonra UNEC-in tədris işləri üzrə prorektoru dosent Gəray Musayev yaz semestri üzrə tədrisin təşkili haqqında təqdimatla çıxış edib. Bildirib ki, fevralın 16-da başlayacaq yaz semestrində bakalavrların tədrisi hibrid formada (həftədə 2 gün onlayn, 3 gün oflayn), magistrantların tədrisi isə ənənəvi qaydada təşkil olunacaq. Fakültələr üzrə dərs cədvəlləri hazırlanaraq tələbələrin şəxsi kabinetlərinə göndəriləcək. Bakalavriat səviyyəsi üzrə imtahanlar test üsulu ilə, magistraturada isə yazılı qaydada təşkil olunacaq.

İclasda təcrübənin təşkili barədə də məlumat verilib. Bildirilib ki, ümumilikdə 4 min 159 bakalavr və magistrantın təcrübədə iştirak etməsi nəzərdə tutulub. Sonuncu kurs bakalavr tələbələri istehsalat, magistrlər isə elmi pedaqoji, elmi tədqiqat təcrübəsində olacaqlar.

Şurada, həmçinin doktorantura üzrə yeni ixtisasların açılması barədə qərar qəbul edilib.