Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-14 15:19:00
Deputatdan Ramiz Mehdiyevə sərt cavab: “Çox ciddi qüsurdur”  

100 illik tarixə malik Azərbaycan parlamentinə, onun üzvlərinə həqarət etmək statusundan, vəzifəsindən, keçdiyi yoldan asılı olmayaraq heç kimə, o cümlədən, Ramiz Mehdiyevə hörmət gətirmir. Mən təəssüf edirəm ki, müstəqil Azərbaycanda uzun illər yüksək vəzifələrdə çalışmış bu şəxs yaşının bu vaxtında, həm də heç bir çərçivə gözləmədən müstəqil Azərbaycanın qanunverici orqanını hədəf götürür”. 

 

Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib. 

 

O qeyd edib ki, AMEA-da çalışan kifayət qədər nüfuzlu alimlərin akademiya prezidentinin fəaliyyəti barədə söylədiyi fikirlər baş verənlər haqqında kifayət qədər aydın və müfəssəl təəssürat yaradır.

Ramin Məmmədov vurğulayıb ki, akademiyanın internet səhifəsini şəxsi açıqlamalar platformasına çevirməsi R.Mehdiyevin ictimai-siyasi proseslərə hansı baxış bucağından baxdığını göstərir.

Deputatın fikrincə, bu cür yanaşma nəinki akademiyaya, eyni zamanda, elm ictimaiyyətinə və cəmiyyətə hörmətsizlikdir:

“R.Mehdiyev kimi təcrübəli bir şəxsin akademiyanı siyasi təşkilat kimi idarə etmək cəhdləri bir tərəfdən təəccüblüdür, digər tərəfdən elə onun özü üçün olduqca təhlükəli addımdır. Hesab edirəm ki, müxtəlif bəhanələrlə siyasi məzmunlu açıqlamalar verməyi Ramiz müəllim artıq vərdişə çevirib. Zərərli vərdişdir, xüsusilə də bu yaşda”.

Millət vəkili bildirib ki, keçdiyi yol, təcrübə və yaş heç kimə özünü başqalarından üstün görmək haqqı vermir. Xüsusilə də o insanları ki, daim başqalarının kölgəsində özlərini olduğundan daha böyük görüblər:

“Ramiz Mehdiyev uzun illər dövlət orqanlarında yüksək vəzifələrdə çalışıb. Onun ictimai rəydə obrazı adi məmur obrazından kənara çıxmır. Belə insanların siyasətçi kimi davranmaq istəməsi, siyasi məzmunlu açıqlamalar verməsi onun ictimai rəydəki mövcud obrazını dəyişmir. Necə ki, AMEA prezidenti olması alim kimi qəbul olunmasına səbəb yaratmadı. Hesab edirəm ki, alim və məmur, siyasətçi və məmur obrazları arasında o qədər də incə olmayan xətti görməmək təcrübəli insan üçün çox ciddi qüsurdur”.

Ramin Məmmədov AMEA prezidentinin Milli Məclisə və onun üzvlərinə qarşı fikirlərinin yolverilməz olduğunu qeyd edib. o bildirib ki, bu cür iddialı və hikkə dolu açıqlamaların xeyirxah məqsədlərə xidmət etmədiyini hər kəs çox yaxşı görür.