Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-07 09:00:00
140 yaşlı İrəvan Müəllimlər Seminariyasının Azərbaycan pedaqogika tarixindəki rolu

Azərbaycanda pedaqogika elminin yayılması və inkişafı, xalq maarifinin bütöv bir dövrü İrəvan müəllimlər seminariyası məzunlarının fəaliyyəti ilə bağlıdır. Bu məzunlar xalq  kütlələri arasında savadsızlığın aradan qaldırılması işində  yaxından iştirak edirdilər.
  
Azərbaycanın təhsil tarixində əhəmiyyətli rol oynamış təhsil ocaqlarından biri də İrəvan Müəllimlər Seminariyasıdır. Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin  "İrəvan Müəllimlər Seminariyasının 140  illiyinin qeyd edilməsi haqqında”  29 dekabr 2021-ci il tarixdə imzaladığı Sərəncamda qeyd edilirdi: "İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır. Şəhərdə Azərbaycan xalqına məxsus son dərəcə zəngin ədəbi-mədəni mühit formalaşmışdır. İrəvan xanlığı çar Rusiyasının tərkibinə qatıldıqdan sonra burada dünyəvi təhsilə xüsusi diqqət yetirilməsində həmin mühitin özü əhəmiyyətli rol oynamışdır. XIX əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda maarifçilik hərəkatı geniş vüsət aldı. Regionda dünyəvi təhsil verən yeni tipli məktəbin – İrəvan Müəllimlər Seminariyasının açılması da məhz bu vaxtlara təsadüf edir”.

 

Mövzu ilə bağlı Kaspi qəzetinin yazısını təqdim edirik:
 
28 min rubl büdcə ilə başlayan iş 
 
İrəvan  Müəllimlər  Seminariyası  Rusiya İmperiyasının Dövlət Şurasının 20  oktyabr 1880-cı il  tarixli qərarına uyğun olaraq yaradılmışdır. Rusiya İmperiyası Dövlət Şurasının üç maddə və qətnamədən  ibarət olan 20  oktyabr 1880-cı il  tarixli qərarında qeyd edilirdi: “İmperiyada Müəllimlər Seminariyası və  Zaqafqaziya Müəllimlər Seminariyası haqqında Əsasnamələr əsasında Kutaisi və İrəvan   quberniyalarının hər birində bir Müəllimlər Seminariyası açılsın. Ştatların layihələri  üzrə Seminariyaların saxlanması üçün Kutaisi Seminariyasına 27.800  rubl, İrəvan  Seminariyasına 28.350 rubl keçirilsin”.

İrəvan Müəllimlər Seminariyasının təntənəli açılışı 1881-ci il noyabrın 8-də olub. Seminariyada digər elmi fənlərlə yanaşı Azərbaycan  dili fənninin və şəriət dərslərinin tədris edilməsi üçün müvafiq ştat vahidi nəzərdə tutulmuşdu. İnqilabdan əvvəlki Qafqazın ən qiymətli sorğu nəşrlərindən biri olan və Tiflisdə, Qafqaz  Canişinin Baş İdarəsinin nəzdində dərc edilmiş və Qafqaza aid statistik, sorğu və adres  məlumatları toplanmış “Кавказский Календарь”da dərc olunmuş məlumatlara görə, Axund Məmməd Bağır Qazızadə1883-cü ildən başlayaraq uzun illər ərzində İrəvan  müəllimlər seminariyasında Azərbaycan dili  fənnini və şəriət dərslərini tədris etmişdir.

Seminariyanı bitirənlərin gələcək fəaliyyəti
 
İrəvan müəllimlər  seminariyasında Azərbaycan dili və şəriət dərslərinin tədris edilməsi təsadüfi deyildi. Çünki bu seminariya xalqımızın tarixən qədim  torpaqlarından  sayılan İrəvan mahalında yaradılmışdı. Həmin mahalda yaşayan əhalinin əksəriyyətini Azərbaycan türkləri, müsəlmanlar təşkil edirdi. Seminariyada Azərbaycan dilinin və şəriətin tədris edilməsi dövrün tələbi idi. Təhsil almaq üçün seminariyaya gəlmiş azərbaycanlı  gənclər ilk pedaqoji təhsillərini aldıqdan sonra həyat  fəaliyyətlərini azərbaycanlıların yaşadığı kəndlərdə ibtidai məktəblərin yaradılması işinə və yaxud mövcud ibtidai kənd məktəblərində müəllimlik peşəsinə həsr edərək xalq  kütlələri arasında elm və maarifin yayılması və savadsızlığın aradan qaldırılması işində  yaxından iştirak edirdilər. Bu təhsil ocağı mövcud olduğu 37 il ərzində öz fəaliyyəti ilə Cənubi  Qafqazda, o cümlədən Azərbaycanda xalq məktəbi və təhsilin, mədəni-maarif işinin  inkişafında əhəmiyyətli rol oynamışdır.
 
İrəvan gimnaziyası və Uluxanlı məktəbi
 
1881-ci ildə İrəvan mahalında seminariyanın açılmasından savayı daha iki mühüm hadisə  baş vermişdir. Belə ki, İrəvan gimnaziyası və yeni tipli Uluxanlı məktəbi  də yaradılmışdır. Qori müəllimlər seminariyasının məzunu Firidun bəy Köçərli 1885-ci ilin iyununda  İrəvan gimnaziyasına Azərbaycan dili və şəriət müəllimi təyin edilmişdir. F.Köçərli bu tədris  ocağında  10  il  pedaqoji  fəaliyyətini  davam  etdirmişdir. Cəlil Məmmədquluzadə 1887-ci  ildə  Qori  seminariyasını bitirdikdən sonra İrəvan və Yelizavetpol xalq məktəbləri direktorluğunda yerləşən Uluxanlı məktəbinə müəllim təyin edilib. Azərbaycanda ibtidai kənd məktəblərinin yaradılması işində Qori müəllimlər  seminariyasının məzunları ilə yanaşı İrəvan müəllimlər seminariyasını bitirmiş məzunlar da yaxından iştirak ediblər. İlk pedaqoji təhsilini həmin seminariyada almış bir sıra azərbaycanlı gənclər sonralar təhsillərini Rusiya və Avropanın müxtəlif ali təhsil ocaqlarında davam etdirərək Azərbaycana  qayıtmış və ölkəmizdə elm, mədəni-maarif işlərinin, habelə iqtisadiyyatın müxtəlif  sahələrinin inkişaf  etdirilməsində yaxından iştirak etmişlər. Xalqımızın bir sıra tanınmış nümayəndələri, maarif fədailəri - Həmid  bəy  Şahtaxtinski, Haşım bəy Nərimanbəyov, Haşım bəy Vəzirov, Tağı bəy Səfiyev, Vahid Musabəyov, Fərrux Ağakişibəyov, İbadulla  Muğanlinski, Ş.Mahmudbəyov, C.Məmmədov və başqaları vaxtilə ilk pedaqoji təhsillərini  İrəvan müəllimlər seminariyasında alıblar.
 
Xalq maarifinin bütöv bir dövrünü əhatə edən fəaliyyət  
 
XIX əsrin sonu - XX əsrin əvvəllərində ibtidai məktəblər üçün  azərbaycanlı  müəllimlər, əsasən, Qori və İrəvan seminariyalarında hazırlanırdı. Lakin bu təhsil ocaqları Azərbaycan dili müəllimi hazırlamırdı. Həmin dövrdə Azərbaycan dili müəllimlərinin hazırlanmasında sistemsizlik hökm sürürdü. 1905-1907-ci  illərdə  Azərbaycan  dili  müəllimlərinin  hazırlanması o dövrdə fəaliyyət göstərən mədəni-maarif cəmiyyətlərinin açdıqları  kurslarda - Bakı quberniyası və Dağıstan vilayətinin xalq məktəbləri müdiriyyətinin  kurslarında, Yelizavetpol  mədrəsəsində, habelə Tağıyevin qız məktəbində, həmçinin  1915-ci ildə açılmış qadın pedaqoji kurslarında həyata keçirilirdi. Bununla yanaşı, Azərbaycanda xalq maa­rifi, məktəb, ədəbiyyat, mədəniyyət və incəsənətin bir çox nümayəndələri ilk pedaqoji  təhsillərini məhz Qori və İrəvan  müəllimlər seminariyasında almışlar. Azərbaycanda pedaqogika elminin yayılması və inkişafı, xalq maarifinin bütöv bir dövrü  məhz Qori və İrəvan müəllimlər seminariyası məzunlarının fəaliyyəti ilə bağlıdır. Həmin təhsil ocaqlarının milli təhsil tariximizdəki yeri və rolu bu gün də  öyrənilir, tədqiq  edilir, gənc nəslin, tələbələrin elmi-pedaqoji biliyinin  artırılmasında istifadə edilir.