Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-29 14:00:00
Nadir İsrafilov: ”Məktəb təlim-tərbiyə ocağıdırsa...

Şagirdlərin yekun qiymətləri ilə yanaşı davranışı da qiymətləndirilməlidir.

 

O qədər də uzaq olmayan bir vaxtlər məktəblərin foyesində “Əxlaq kodeksi” asılardı, dəhlizlərdə “Ədəb qaydaları” guşələri yaradılırdı. Şagirdlərin fənlər üzrə rüblük qiymətləndirilməsi ilə yanaşı, yarımillik əxlaq qiymətləndirilməsi həyata keçirilərdi. Məktəbi bitirən məzunlara kamal attestatı ilə yanaşı, əxlaqına dair xasiyyətnamə verilərdi. Sonralar “əxlaq” sözü “davranış” ifadəsi ilə əvəz olundu. Təlimə ifrat dərəcədə aludəliyimiz isə, tərbiyə məsələlərini arxa plana keçirdi, davranış anlayışını pedaqoji leksikonumuza yadlaşdırdı. Halbuki, neçə nəsil təhsilə bu kimi yanaşmalardan kifayət qədər yararlanıb, faydalanıb. Əgər, məktəb təlim-tərbiyə ocağıdırsa, şagirdlərin yekun qiymətləri ilə yanaşı davranışı niyə qiymətləndirilməsin?

 

 

Son zamanlar məktəblərdə baş verən, və gündən-günə kütləvi xarakter almaqda davam edən, məktəbi, müəllimi gözdən salan bir sıra xoşagəlməz olaylar nəhayət yuxarı təhsil orqanlarını hərəkətə keçməyə təhrik edib. Nazirlik rəsmiləri tərəfindən yayılan məlumatlara əsasən Sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi və təkmilləşdirilməsi prosesinə start verilib. Digər xəbərə görə, məktəblərdə yaşanan hadisələrin təkrarlanmasının qarşısının alınması məqsədilə şagirdlərin psixoloji pasportlarının hazırlanması işinə başlanılıb. O da etiraf olunub ki, “telefonların məktəbə gətirilməsi və şagird davranışları barədə yeni qaydalar hazırlanmalıdır. Hazırda bu mövzu nazirlik tərəfindən müzakirə olunur. Biz bu qaydaları elə tənzimləməliyik ki, hər hansı sui-istifadə halları olmasın. Eyni zamanda, proses düzgün aparılsın”.

 

 

O da təqdirəlayiq haldır ki, artıq, təhsil müəssisələrində şagirdlərin xoşagəlməz davranışları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də nəzarətinə götürülüb. Komitə sədrinin açıqlamasına görə "Biz də komitə olaraq səlahiyyətimiz çərçivəsində bu məsələyə töhfə verməyə çalışırıq. Ümumilikdə bütün qurumlar, ailə və cəmiyyət töhfə verməlidir. Hər kəsin hüququ olduğu kimi vəzifələri də var. Məktəblilərin təhsil müəssisəsində şagird kimi öhdəlikləri var. Valideynlər evdə onların hüququnu başa saldığı kimi öhdəliklərini də anlatmalıdır. Düşünürəm ki, konkret hallarda boşluqlar var və onlar aradan qaldırılmalıdır". . Nə deyirik ki,.. bəyənilsin.

 

 

Onu da xatırladaq ki, “Təhsil haqqında” qanunun 32-ci maddəsinə əsasən “işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq, təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək, dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək təhsilalanların vəzifələridir. Həmçinin şagird və tələbə təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etməlidir.” Əgər etmirsə, bəs onda necə...?

 

 

Baxmayaraq ki, 1990-cı illərdə Təhsil Nazirliyi tərəfindən elmi-pedaqoji və psixoloji əsaslı, müasir məzmunlu “Tərbiyə konsepsiyası” hazırlamaq ideyası ortalığa atılmış və hətta bunun layihəsi belə hazırlanmışdı, sonralar nədənsə, naməlum səbəblərdən bu istiqamətdə aparılan işlər dayandırıldı. Halbuki, müəyyən biliklərə yiyələnərək, müstəqil həyata qədəm qoymuş gəncdə vətən təəssübkeşliyi, xalqına məhəbbət, vətəndaşlıq ləyaqəti olmayacaqsa, bu gənc nə qədər peşəkar ixtisas sahibi olsa belə onun vətəninə, xalqına lazımı xeyri dəyə biləcəyi bir o qədər də inamlı təsir bağışlamayacaq. Çünki, pedaqoji ədəbiyyatda təhsilin keyfiyyəti təkcə hansısa bilik məcmusuna yiyələnməklə ölçülməyib, cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəliliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya kimi xarakterizə olunur. Görünür, bu məsələyə yenidən qayıtmaq zərurəti yaranıb.

 

 

Bəlkə, attestata ayrı-ayrı fənlər üzrə yekun qiymətləri yazarkən, davranışa aid bir qrafa da ayırıb, bunu, “əla”, “yaxşı”, “kafi” və hətta “qeyri kafi” kimi qiymətləndirmək, ali və orta-ixtisas məktəblərinə qəbul zamanı nəzərə almaq yolu ilə təhsil verənin hörmətini, təhsil alanın məsuliyyətini qaldıraq? Hələ ki, nəzərdə tutulan tədbirlər lazımı effekt verməsə, ğörünür radikal addımlar atılması qaçılmaz olacaq...