Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-13 14:01:00
Məktəblilər arasında şahmat yarışının qalibləri mükafatlandırılıb

Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin təşkilatçılığı ilə məktəblilər arasında Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat yarışı keçirilib.

 

Nazirlikdən AzEdu.az-a bildirilib ki, yarışda Bakı şəhər 5, 9, 14, 19 və 211 nömrəli tam orta məktəblərdən 20-dək şahmat həvəskarı mübarizə aparıb.

 

Yarışda Vüqar Həşimovun adını daşıyan akademiyanın nümayəndələri, görkəmli şahmatçının ailə üzvləri, 4 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin müəllimləri iştirak ediblər.

 

I, II və III yeri tutanlara medal və müxtəlif hədiyyələr təqdim olunub. İştirakçı olan digər şagirdlərə isə sertifikatlar verilib.

 

Xatırladaq ki, 2016-cı ilin dekabr ayından fəaliyyət göstərən “Məktəblinin dostu” layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün məktəbdə daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Bununla yanaşı, “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər. Layihə ümumilikdə 400 minə yaxın şagirdi əhatə edir.