Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-11 10:42:00
DİM zal nəzarətçisi sertifikatı əldə etmək istəyənlər üçün təlimlərə başlayıb

Təlimlər 8 və 9 yanvar tarixlərində Azərbaycan Universitetində 20-22 nəfərlik qruplarda keçirilib

 

AzEdu.az xəbər verir ki, təlimlərə müsahibə mərhələsindən, psixometriya və ümumi intellekt səviyyəsinin yoxlanılması üçün keçirilən test imtahanlarından uğurlu nəticə əldə edən şəxslər cəlb olunur.

 

Təlimlərin birinci günü səmərəli ünsiyyət, işgüzar etiket texnikaları, ünsiyyət prosesində stresin idarə olunması və etik davranış qaydaları mövzularını əhatə edir. Bundan əlavə, psixometrik testlər vasitəsilə namizədlərin stresə qarşı emosional davamlılığı, özünütənqid və idarəetmə qabiliyyəti, eləcə də çətin situasiyalarda qərarvermə bacarığı yoxlanılır.

 

Təlimlərin ikinci günündə isə DİM haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarəedilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarəedilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilir və fikir mübadiləsi aparılır.

 

Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə qeydiyyat 2021-ci ilin oktyabr ayından etibarən başlanılıb və 1447 nəfər qeydiyyatdan keçib.

 

Təlimlər cari və növbəti həftələrdə davam edəcək. Təlimlərdən sonra namizədlər yekun test imtahanında iştirak edəcəklər. Yekun test imtahanından məqbul qiymət alan namizədlər zal nəzarətçiləri bazasına qəbul olunaraq imtahanlara dəvət olunacaqlar.

 

Qeyd edək ki, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə namizədlərin elektron qeydiyyatı bu gün başa çatır. Cari ilin sentyabr ayından etibarən isə qeydiyyat sisteminin yenidən aktiv edilməsi nəzərdə tutulur.