Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-10 14:25:00
İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün bu gündən müsahibə və təlimlərə başlanır

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 10-dan etibarən builki imtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə və təlimlərə başlayır.

DİM-dən bildirilib ki, 895 namizəd üçün təşkil ediləcək müsahibələr respublikanın bütün şəhər və rayonlarında keçiriləcək. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan olan namizədlər üçün müsahibələr DİM-in inzibati binasında (Həsən Əliyev küçəsi, 299) təşkil olunacaq.

Müsahibələrə yanvarın 7-dək DİM-in saytında müvafiq hissədə qeydiyyatdan keçən şəxslər dəvət olunurlar.

Martın 10-dək davam edəcək müsahibələr Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılacaq. Müsahibənin günü, saatı və ünvanı namizədə elektron anketdə daxil etdiyi elektron poçt və ya mobil telefon nömrəsi vasitəsilə bildiriləcək.

Müsahibəyə gələrkən aşağıdakı sənədlər təqdim edilməlidir:

1. Müsahibəyə gələn əməkdaşın şəxsiyyət vəsiqəsi və surəti;

2. “Buraxılış rejimini aparan əməkdaşın anketi” (dim.gov.az saytında (https://eservices.dim.gov.az/muhafize_qeyd/userlogin.aspx) elektron anketi təsdiq etdikdən sonra çap edilərək namizəd tərəfindən imzalanmalıdır) ;

3. İş yerindən arayış (olduğu halda);

4. Bank rekvizitləri (A4 ölçülü vərəqdə çap olunmuş formada);

5. Təhsil haqqında sənədin əsli və surəti (namizədin təhsil haqqında məlumatı “Tələbə-məzun” elektron məlumat bazasında olmadıqda tələb olunur);

6. COVID-19 vaksin pasportu və ya immunitet sertifikatı.

Təqdim edilmiş məlumatlar müvafiq dövlət qurumlarının elektron informasiya bazalarında yoxlanılacaq, məlumatlarda hər hansı uyğunsuzluq aşkar edilərsə, namizədin müraciəti ləğv olunacaq.

Müsahibədən uğurla keçən şəxslər müvafiq təlimə cəlb olunacaq. Müsahibə və təlimlərdə iştirak üçün namizədlərdən ödəniş tələb olunmur.