Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-31 15:58:00
Yeni il süfrəsi bir ailəyə neçəyə başa gəlir?

Yeni ili qarşılamağımıza artıq sayılı günlər qalıb. Ötən il olduğu kimi, bu il də koronavirus pandemiyası səbəbindən əksəriyyət Yeni ili evndə qarşılamalı olacaq.


Təbii ki, Yeni ili ləziz təamsız təsəvvür etmək mümkün deyil. Bəs görəsən bu il bir ailənin Yeni il süfrəsi neçəyə başa gəlir?

 

AzEdu.az Axar.az-a istinadən xəbər verir ki, marketlərdə ətin qiyməti sümüklü və sümüksüz olmasına görə dəyişir. Müşahidə apardığımız marketlərdə sümüksüz dana əti 13,5, sümüklü dana əti 10.5-11, qoyun əti isə 11 manatdan başlayır. Toyuq əti 3-7, balığın qiyməti 10-15 manat arası dəyişir.

 

Digər əsas məhsullardan biri də kərə yağıdır ki, onun da qiyməti növünə görə fərqlidir, orta hesabla 13-15 manat arasındadır.

 

Azərbaycan süfrəsinin əsas təamlarından olan plovu hazırlamaq üçün istifadə edilən düyü 3,6-6,8 manat civarındadır.

 

Salatlar üçün istifadə edilən məhsullardan orta ölçülü mayonez 2,6 manat, xama 2,2 manat, yaşıl noxud 3,45 manat, kök 1 manat, xiyar 3,5 manat, göyərti 16 qəpik, broyler yumurtası 17 qəpik, kənd yumurtası isə 35 qəpikdir.

 

Yeri gəlmişkən onu da qeyd edək ki, bu gün müşahidə apardığımız marketlerdə Yeni illə əlaqədar xama, mayonez, yaşıl noxud kimi məhsullara hədiyyə kampaniyası keçirilir. Belə ki, məhsulun üzərində həmin məhsulun kiçik ölçüsü hədiyyə olaraq alıcıya verilir.

 

Meyvələrdən alma 1-2 manat, armud 2-2.5 manat, kivi 2 manat, naringi 1,7 manat, banan 2,8 manat, ananas 4,5 manatdır.

 

Quru meyvələrdən kişmiş 8 manat, qaysı 10 manata satışdadır.


Təbii meyvə şirələri 1.6-3 manat arasında dəyişir. İçkilər 1-3 manat, şampan isə 5 manatdan başlayan qiymətlərlə müştəriyə təklif olunur.