Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-28 10:58:00
2021-ci ilin əsas təhsil hadisəsi və siması-Müəllimlərin seçimi ilə

2021-ci ilin bitməsinə sayılı günlər qalıb. Bu təqvim tarixi təhsil sahəsində bir sıra vacib hadisələrlə yadda qaldı.

 

AzEdu.az-ın sorğusuna cavab olaraq müəllimlər bu ilin təhsil hadisələrini qiymətləndirərək fikirlərini bildiriblər.

 

Göygöl rayon Çaylı kənd tam orta məktəbinin müəllimi  Səltənət Quliyeva bu ilin əyani tədrisin bərpası ilə yadda qaldığını vurğulayıb:

 

 

“2020-ci il martın 1-indən ölkəmizdə və bütün dünyada COVİD-19 pandemiyasının törətdiyi fəsadlar məktəblərimizdən yan keçmədi, demək olar ki, bütün təhsil ocaqları onlayn tədrisə keçdi və bu, həm müəllimlərdə, həm də tələbələrdə çaşqınlıq və çətinliklər yaratdı. Amma ölkəmizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində bu ilin sentyabr ayından ölkədə bütün ali məktəblər və universitetlərdə ənənəvi təhsilə qədəm qoyuldu. Mənim fikrimcə, bunu 2021-ci ilin əsas hadisəsi kimi düşünmək olar”.

 

 

Laçın rayonu H.Y.Həsənov adına Mişni kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi  Gülnar İsmayılova bu ilin əsas təhsil simasının kim olduğuna aydınlıq gətirib:

 

 

“Düşünürəm ki, bu ilin əsas təhsil siması Təhsil naziri Emin Əmrullayev idi. Azərbaycan dili müəllimi olaraq onun brifinqlərdəki çıxışlarında sərbəst nitqi olduğunu müşahidə edirdim”.

 

 

Laçın rayon Taxtakörpü kənd tam orta məktəbinin direktoru Şəbnəm Cəbrayıl bu ilin şəhid övladları üçün xüsusi olaraq yadda qaldığını deyib:

 

 

“2021-ci ilin əsas təhsil siması, şəhid övladları üçün nəzərdə tutulan zəfər düşərgəsinin iştirakçıları və  ölkəmizi beynəlxalq olimpiadalarda təmsil edən şagirdlər olub. Eyni zamanda 2021-ci il zəfər, qəhrəmanlıq ili kimi yaddaşlarda qaldı. Bu tarixdə təhsil ictimaiyyəti, həmçinin, bütün cəmiyyətimiz vüqarlı və qürulu idi”.

 

 

Şəmkir rayon, Düyərli kənd 2 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Aysel Alızadə bu ilin müəllimlər üçün yaddaqalan olduğunu deyib:

 

 

“Düşünürəm ki, 2021-ci ilin əsas təhsil siması öz işini sevən, vicdanlı müəllimlər oldu. Pandemiya zamanı “online” dərsə qoşulmayan,  zəif olan şagirdlərə istər dərs zamanı, istərsə də dərsdən sonra dəstək olmaqla onlarda olan boşluqları doldurmağa çalışan müəllim 2021-ci ilin təhsil simasıdır. Mənim fikrimcə, əsas təhsil hadisəsi isə jurnalistin sualına qarşılıq olaraq cənab nazir Emin Əmrullayevin müəllimlərə dəstək olması, öz müəllimini müdafiə etməsi idi. Müəllimlərin mənəvi olaraq dəstəyə hər zaman ehtiyacı var”.

 

 

Bütün təhsil ictimaiyyətinə bol uğur dolu 2022 arzu edirik!

Şükufə Süleymanlı
Müəllifin digər yazıları