Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-26 15:39:00
Oxuyaq, yoxsa dinləyək? – SORĞU    

Şair və yazıçılar deyir ki, kitabla ünsiyyətdə olmaq üçün hər bir üsuldan yararlanmaq lazımdır. Amma onların fikrincə, çap formatında olan kitablar hələ uzun illər yaşayacaq. Çünki bu, daha böyük yaddaşdır.
 
Son zamanlarda günlər, sanki daha tez keçir. Və biz əvvəlki qədər başqa işlərə, əyləncəmizə, mütaliəmizə vaxt ayıra bilmirik. Amma mütaliədən də qalmaq istəmirik. Bunun üçün audiokitab köməyimizə gəlir. Audiokitabı başqa işlərlə də (zehni olmayan) eyni vaxtda dinləmək olar. Onlardan ən yaxşısı yol gedə-gedə dinləməkdir. Bu, müəyyən mənada həm də insanı yoldakı stress və gərginlikdən  də uzaq edir. Sən kitabın səsli sehrinə düşürsən və ruhən daha çox orda olursan deyə, ətrafda baş verən neqativlərə qıcıqlanmırsan. Bundan başqa, gözlər də bir dinclik görür. İstər kitabdan, istərsə də ekrandan (daha çox) oxuyanda gözlər yorulur.  Düzdür, audiokitabların, fikrimcə, mənfi tərəfləri də var. Məsələn, dinləyərkən, bəzən adamın fikri yayınır və xətti itirirsən və s. Bəs yazıçı və şairlərimiz bu haqda nə düşünürlər? Onlar mütaliəni necə edirlər?

Mövzu ilə bağlı Kaspi qəzetinin sorğusunu təqdim edirik:
 
Kitabla ünsiyyət üçün bu üsullar məqbuldur

 
 

Şair Vaqif Bəhmənli deyir ki, kitabla ünsiyyətdə olmaq üçün hər iki üsul – oxumaq da, dinləmək də məqbuldur: “İnsanların işini asanlaşdırmaq üçün audiokitab buraxılır. Kitab sərgisində də maraqlı bir audiokitab görmüşdüm. Qurani-Kərimin sətirlərinə xüsusi çubuğu yaxınlaşdıranda səslənirdi. Xüsusilə, bilmədiyimiz dillərdə hər hansı bir mətni, şeiri dinləmək üçün bu, əvəzedilməz bir üsuldur. Məsələn, hər hansı bir şairin şeirini öz dilində, intonasiyasında dinləmək üçün çox gözəl bir vasitədir”.


 

Təki kitab yaşasın

Vaqif müəllim deyir ki, indi kitaba kömək lazımdır. Disklərdə, kartlarda olması çox yaxşıdır: “Hətta indi xüsusi proqramlar var, bilirəm ki, telefona yükləyirlər və onlar vasitəsilə  dinləyirlər. Bunların hamısı kitabların oxunmasından, kitabla təmasdan ötrü vasitələrdir. İstər dinləməklə, istərsə də oxunmaqla olsun, təki kitab yaşasın. Əsas budur ki, kitab yaxşı kitab olsun. Yaxşı kitabı istənilən formada oxucuya təqdim etmək olar. Məsələn, mənim iki kitabım – “Artırma” və “Səndən özgə” kitablarım studiyada səsləndirilib və diski də yazılıb. Əsasən öz ifamda olan şeirləri  həm də gözəl fon musiqisi bəzədi. Buna albom deyilsə də, əslində, bunlar özləri də bir kitabdır”.
 
Klassik formada mütaliəyə üstünlük verirəm

Şair deyir ki, audiokitab dinləmir: “Böyük kitabxanam var və klassik formada mütaliəyə üstünlük verir, hər gün bu kitablarla təmasda oluram. Bu gün kitab sektoru yenidən inkişaf edir. Dünyada və həmçinin də Azərbaycanda kitab sərgiləri keçirilir. Elə son vaxtlarda Bakı, Sumqayıt, Gəncədə keçirilən sərgiləri buna misal çəkmək olar. Çox sevindirici bir haldır. Bunların hamısı onun göstəricisidir ki, çap formatında olan kitablar hələ uzun illər yaşayacaq. Və bu daha böyük yaddaşdır. Adam kitaba qulaq asanda, ola bilər ki, nəyisə ötürər, eşitməz. Bilirsiniz, xüsusən də, ədəbiyyat adamları – yazıçılar, şairlər əsərin hər bir cümləsini dərindən dərk etməlidir. Buna görə də, oxumaq daha yaxşı olar. Təcrübəni  artırmaq, yazıçının hansı sözü, hansı cümləni orada niyə məhz belə yazdığını araşdırmaq, başa düşmək, yəni sanki bir laboratoriyadan keçirmək üçün mütləq şəkildə kitabı oxumaq lazımdır. Yəni oxucu üçün kitab ayrı şeydir, yazıçı üçün ayrı şey”.

Dövlət proqramı hazırlansın

Vaqif müəllim vurğuladı ki, yaddaşın müxtəlif cür formalaşma üsulları var: “Mən dinləyə bilmirəm. Amma yeni nəsil, görürsən ki, daha yaxşı dinləyir, qəbul edir kitabın bu formasını. Yenə də deyirəm, istənilən halda, bu da kitabın yaşaması üçün çox gözəl təşəbbüsdür.  Düşünürəm ki, hətta audiokitabların hazırlanması ilə bağlı dövlət proqramı hazırlanmalıdır. Məsələn, yüz təməl kitab seçmək olar. Elə “Kitabi Dədə Qorqud” və "Koroğlu” dastanlarından başlamaq olar.  Hətta dastandakı aşıq havalarını elə musiqi ilə də vermək lazımdır. Çox gözəl alınar. Amma, ümumiyyətlə, bu işi, məncə, uşaq ədəbiyyatından başlamaq lazımdır ki, uşaqlar elə məktəb yaşlarından kitabın bu cür oxunmasına, daha doğrusu, dinlənilməsinə alışsınlar”.



Dinlədikləri oxuduqlarından  daha çox olan yazıçı

Yazıçı-dramaturq İlqar Fəhmi, bəlkə də, Azərbaycanda yeganə insandır ki, böyük bir audiokitab arxivi var. Artıq on ildir ki, dinlədikləri oxuduqlarından  daha çoxdur: “Sürətlə keçən həyatda, demək olar ki, heç nəyə vaxt yoxdur. Və xüsusilə də, mütaliəyə əvvəlki qədər vaxt ayırmaq olmur. Ona görə də, bu baxımdan audiokitablar kitabla ünsiyyət üçün əvəzsiz vasitədir.  Amma bunun da müsbət və mənfi tərəfləri var, əlbəttə ki. Müsbəti odur ki, əgər əsəri hər hansı bir peşəkar aktyor, qiraətçi səsləndirirsə, sən o əsəri daha yaxşı hiss edə, duya bilirsən. Amma bu tip dinləmələr birplanlı əsərləri dinləmək üçün əlverişlidir. Yəni ilk dinləmədən insanın qavraya, anlaya biləcəyi, rahat bir mətn olmalıdır.  Çünki kitabda istədiyin cümləni yenidən oxuya bilirsən, istədiyin səhifəyə geri qayıda bilirsən. Amma audiokitabda çətindir. Çoxplanlı mətni olan kitabı audiokitab formatda dinləmək rahat deyil.  Məsələn, Çingiz Hüseynov, Nabokov kimi yazıçıların  əsərlərini dinləyə bilmədim. Çünki bəzən ehtiyac olur ki, hər hansı bir cümlənin üstündə dayanasan, fikirləşəsən. Amma hadisə üzərində qurulan ədəbiyyatı dinləmək rahatdır. Hadisə səni tutur və onun arxasınca gedirsən. Bədii söz oyunları olan ədəbiyyatı, müxtəlif göndərmələri olan mətnləri dinləmək isə çətindir. Düşünürəm ki, çoxplanlı mətnləri dinləməkdənsə oxumaq daha məqsədəuyğundur”.

Poeziya audioformatda

İlqar müəllimin fikrincə, poeziyanı audioformatda dinləmək daha gözəldir: “Belə  versiyada şeirlərin təsiri, sanki daha güclü olur. Rusiya ədəbiyyatının gümüş dövrü şairləri Anna Axmatova, Marina Svetayevanın şeirlərini belə dinləməyi daha çox sevirəm. Bilirsiniz, musiqi həlli də gözəl olanda şeir dinləmək lap böyük zövq verir”.