Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-21 16:58:00
UNEC-də elmi tədqiqat, qrant layihələr və ixtiralar barədə seminar  

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Tədqiqat və sahibkar universitetlərinə çevrilmək istiqamətində elmi-tədqiqatların, qrant layihələrinin və ixtiraların rolu” mövzusunda onlayn seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, seminarı giriş sözü ilə açan Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova mövzunun “UNEC-100” İnkişaf Strategiyasının məqsəd və hədəflərinin icrasını təmin etmək baxımından aktuallığına diqqət çəkib.

 

 

Sonra UNEC Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin rəhbəri professor Rövnəq Rzayev “Elmmetriyada tədqiqatçıların elmi fəaliyyətinin qiymətləndirilməsi. Elmi məqaləni necə yazmalı?” mövzusunda təqdimatla çıxış edib. O, tədqiqatçının elmi fəaliyyətində, eləcə də universitet və ölkənin reytinqinin təyin edilməsində elmmetrik və vebometrik göstəricilərin rolundan danışıb. İnformasiyanın toplanılması, elmi məzmunlu məsələlərin araşdırılması, məqalələr üçün jurnalların seçilməsi, məqalə yazmaq üslubu ilə bağlı məlumatları iştirakçıların diqqətinə çatdırıb.

 

Seminarın məruzəçisi Tural Nağıyev “Universitetlərdə qrant layihələrin rolu. Tədqiqat mərkəzlərinin maddi-texniki bazasının yaradılması, infrastrukturun qurulması, davamlı dəstəklənməsi və yenilənməsi, peşəkarlığın yüksəldilməsi” mövzusunda təqdimatla çıxış edərək, universitetlərin rəqabət qabiliyyətliliyini müəyyən edən amillərdən söz açıb. Həmçinin qrantın əldə edilməsi və layihələrin həyata keçirilməsində tədqiqat mərkəzlərinin maddi-texniki bazasının yaradılmasına, yenilənməsinə və davamlı dəstəklənməsinə ehtiyac olduğunu vurğulayıb.

 

Mərkəzin tədqiqatçısı Tahir İbrahimov isə patent və ixtiraların hazırlanması, elmi nəticələrin istehsalatda tətbiqi, iqtisadiyyatın müxtəlif sahələri ilə elmi-texniki əməkdaşlığın perspektiv formalarının inkişaf etdirilməsi barədə çıxış edib. Patent almaq üçün qoyulan şərtlər barədə ətraflı məlumat verən məruzəçi elmi nəticələrin istehsalatda tətbiqi baxımından ixtiraların vacibliyindən söz açıb.

Sonda məruzələr ilə bağlı fikir mübadiləsi aparılıb.