Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-21 09:52:00
İctimai Şura repetitor məsələsini nazirlikdə qaldıracaq - PROBLEM  

Əvvəllər məktəblilər 10-11-ci sinifdən hazırlıqlara gedirdisə, indi bu proses aşağı siniflərdə müşahidə olunur. Çox vaxt çalışan, övladının təhsilinə zaman ayıra bilməyən valideyn fərdi müəllimə üstünlük verirdisə, artıq evdar xanımlar da hazırlıqları seçir. Səbəb kimi isə dərsliklərin çətin olduğunu və verilən tapşırıqların həll və izahında çətinlik çəkdiklərini deyirlər.

 

AzEdu.az xəbər verir ki bu sözleri Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova Modern.az-a  açıqlamasında deyib

 

Obildirib ki, İctimai Şuranın fəaliyyət planında əsas məsələ elə repetitorluqdur.

Onun sözlərinə görə, fəaliyyət planı təqsdiqlənəndən sonra ilk bu məsələ müzakirə olunacaq:

“Təhsil mütəxəssisləri ilə birgə müzakirə edib çıxış yolunu təhsil sisteminə uyğunlaşdırmalıyıq. Birinci sinifdən artıq uşaqlar hazırlığa gedir. Burada bəzi məqamlar da var. Valideynlər övladlarının rus bölməsində təhsil almasını istəyirlər. Uşaqların dərslərinə yardım edə bilmirlər və müəllimdən dəstək olmalarını xahiş edirlər. Valideynlərin həyatı elədir ki, çatdırıb özləri uşaqlara kömək edə bilmirlər. Baxmayaraq ki, biz ibtidai təhsilimizi sovet dövründə oxumuşuq. Anlamadıqlarımızı valideyn və ya özümüzdən böyük şagirdlərdən soruşurduq, onlar da izah edirdi. Təəssüf ki, son illər bu sistem itib. Ona görə uşaqları müəllim yanına hazırlığa qoymaq valideyn üçün rahat olur. Bu sözsüz ki, aşağı siniflərdə dərs yükünün əvvəlki illərlə müqayisədə daha çox olması ilə bağlıdır”.

G.Səfərova bildirib ki, əgər əvvəllər dərsliklərdə bəzi çətin bölmələr yuxarı, 5-6-cı siniflərdə tədris olunurdusa, indi vəziyyət fərqlidir:

“Amma indi uşaqlar bəzi mövzuları, xarici dili ibtidai sinifdə keçirlər. Bu yük bir az yeni dünyanın tələbinə uyğunulaşdırılıb. Bu tələblərə uyğunlaşana qədər vaxt keçməlidir. Yaxud da yeni bir formatda tərtib etmək, dərsliklərlə ciddi işləmək lazımdır. Dəsrliklərin formalaşması, dil məsələsinə yenidən baxılmalıdır.

Biologiya dərsliyi elə yazılıb ki, onu anlamaq üçün ancaq akademik olmalısan. Əzbərçiliyi aradan qaldırıb, məsələnin mahiyyətini anlamaq üzrərində qurmaq lazımdır. Acıq deyim ki, bu, zaman alan proses olacaq. Biz iş fəaliyyətimizdə bunu bölmüşük. Təhsil mütəxəssisləri və təhsil işçiləri ilə bütün bu məsələ, problemlə bağlı çoxlu müzakirələr etmək istəyirik. Sadalanan bütün problemi özüm də anlayıram”.

Şura sədri qeyd edib ki, fərdi qavrama məsələsi fərqlidir:

“Uşaqların çoxu texnoloji əşyalara bağlı şəkildə yaşayır. Onu təhsil sistemində effektli etmək üçün nə etmək lazımdır? Bizdə yanaşma belədir ki, uşağa telefon, planşet olmaz. Onsuz uşaq bunu istifadə edirsə, faydalı istifadə metodlarını araşdırıb tapmalıyıq. Məsələn, uşaq hansısa bir mövzunu yaxşı mənimsəyə bilmirsə, bunu “Youtube” üzərindən baxıb anlayacaqsa, niyə də istifadə etməsin. Razılaşaq ki, indi uşaqları kitab üzərində əyləşdirmək çətindir. Hamı bundan şikayət edir. Ona görə də valideynlər məcbur olub, müəllim tutur. 45 dəqiqəyə o mövzuları çatdırıb, izah etmək mümkün deyil. Mövzular ağırlaşıb”.

“Dərsliklərin dilinin niyə bu qədər çətin olması araşdırılmalı, bu dərsliklərin müəllifləri ilə görüşmək lazımdır”, - deyə sonda Şura sədri bildirib.