Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-16 10:24:00
İlk şəhid qadın jurnalist - Salatın Əsgərovanın doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın doğum günüdür.

 

AzEdu.az-ın məlumatına görə, Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub.

1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.

İxtisasca geofizik olsa da, Salatın Əsgərova sonralar jurnalist kimi fəaliyyət göstərib.


“Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı kimi müharibənin ilk günlərindən hərbi mövzuda yazılar yazıb, tez-tez cəbhənin qaynar nöqtələrində olub, heç nədən qorxmadan dəfələrlə erməni kəndlərinə gedib, onları yanlış yoldan geri çağırmağa çalışıb.

1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşüb, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə istedadlı jurnalist, “Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı Salatın Əsgərova amansızcasına qətlə yetirilib.  

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adı verilib.

 

Salatın Əsgərova Azərbaycanın ilk şəhid qadın jurnalistidir.

 

Salatın Əsgərova istedadlı, vətənpərvər jurnalist olmaqla yanaşı, həm də ana idi. Onu tanıyan hər kəs bilir ki, bu qadın Vətənə, torpağa olan sevgisini hər şeydən üstün tutub.

 

Yeganə azyaşlı övladının olmasına baxmayaraq, Vətəni çətin məqamlarda tək buraxmayıb. Vəziyyətin çətinliyindən qorxmayaraq, qələmini silaha çevirməyi bacarıb və öz peşəsinin müsəlləh əsgəri olub.

 

O, cəbhə bölgəsinə getmədən informasiyanı müxtəlif yollarla əldə edə bilərdi. Lakin analığını, qadınlığını bir tərəfə qoyaraq informasiya blokadasını qırmaq üçün cəbhənin ən qaynar nöqtələrinə yollanıb.  Qələmini əldə tutaraq söz silahına sarılan Salatın Əsgərova bütün peşə sahiblərinə örnəkdir.

 

Vətənin dar günündə isti yuvasından imtina etməklə  xalqı informasiyasız qoymayıb. 

 

Yeganə oğlu olan Ceyhun Əsgərov anasının peşəsini davam etdirir.