Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-10 16:05:00
Lənkəranın iki müəlliminə yüksək dövlət mükafatı təqdim olunub

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təhsil işçilərinin bir qrupu yüksək dövlət mükafatları ilə təltif olunublar.

AzEdu.az xəbər verir ki, təltif olunanlar arasında iki lənkəranlı müəllimin - Lənkəran şəhər 5 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Hüseynova Südabə İsa qızının və Ürgə kənd tam orta məktəbin biologiya müəllimi Kazımov Yaşar Nurəddin oğlunun da adları var. Onların hər ikisi “Tərəqqi” medalı ilə təltif edilib.

Bakı şəhərindəki 20 nömrəli məktəb-liseydə keçirilən mərasimdə Təhsil naziri Emin Əmrullayev yüksək dövlət mükafatlarını təhsil işçilərinə, o cümlədən lənkəranlı müəllimlərə təqdim edib.

Qeyd edək ki, Lənkəran şəhər 5 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Südabə Hüseynovanın 1998-ci ildə sinif rəhbərliyi sahəsindəki işi qabaqcıl təcrübə kimi rayon məktəblərində yayılıb, 2002-ci ildən Qəhrəman Hüseynovla birlikdə müəllifi olduğu "Sinif rəhbərinin gündəliyi" metodik vəsaiti təkcə Lənkəranda deyil, qonşu rayonlarda da sinif rəhbərlərinin köməkçisi olub. Onun 2003-cü ildə interaktiv üsulların tətbiqində onun debat üsulu ilə bir çox dərsləri riyaziyyat müəllimlərinin diqqətini cəlb edib. S.Hüseynova 2003-cü ildə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin diplomantı, müəllimlərin pedaqoji mühazirələrinə respublika baxışının qalibi olub. O, Azərbaycan müəllimlərinin IV qurultayına nümayəndə seçilib. Təcrübəli müəllim 2016-cı ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində riyaziyyat fənnindən 51 bal toplayıb. 2019-2020-ci tədris ilində onun rəhbərlik etdiyi və 7 il dərs dediyi sinfin 22 şagirdindən 18-i ali məktəbə sənəd verib, onlardan 16-sı tələbə adını qazanıb.

Digər yüksək dövlət mükafatına layiq görülən Ürgə kənd tam orta məktəbin biologiya müəllimi Yaşar Kazımov 2018-ci ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb. O, fəaliyyəti dövründə 2016-cı ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində biologiya fənnindən 59 bal toplayıb və 2018-ci ildə “Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi”nın qalibi olub.