Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-10 15:44:00
Şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda akademik seminar təşkil olunub

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda akademik seminar keçirilib.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının lektoriya zalında təşkil olunan seminarda əvvəlcə qonaqlar Heydər Əliyevin büstünü ziyarət ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan seminarda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov giriş sözü ilə çıxış edərək ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi sahəsindəki xidmətlərindən danışıb.

BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində böyük nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyan seminarın şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət etdiyini qeyd edib.

Çıxış edən professor Şahlar Əsgərov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, YAP Mərkəzi Aparatının şöbə müdiri Rufiz Qonaqov görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə respublikanın sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yarandığını, bütün sahələrdə inkişafa doğru köklü dəyişikliklər baş verdiyini bildiriblər.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə aid şagirdləri maraqlandıran suallar cavablandırılıb.