Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-15 09:00:00
“Tarixdə bu gün”- 15 may necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

15 may tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

15 may Beynəlxalq Ailə Günüdür:

 

Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq demişdir: “Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”.

 

15 may-Beynəlxalq İqlim Günüdür:

 

Bu günün qeyd edilməsində əsas məqsəd cəmiyyətin diqqətini indiki və gələcək nəsillərin rifahına təsir edən və əhəmiyyətli resurs olan iqlimin müdafiəsinə yönəltməkdir.

İqlimin qorunması hazırda bəşəriyyət qarşısında duran qlobal problemlərdən biridir. Qlobal istiləşmə, atmosfer qatında artan ozonun miqdarı, təbii fəlakətlər, planetin hava şəraitinin dəyişməsi - bunlar hamısı Yer kürəsinin iqliminin pisləşməsinə səbəb olur. Nəticədə insanların ərzaq, həyati və mülki təhlükəsizliyi sual altında qalır, təbii resursların vəziyyətinə və dövlətlərin dayanıqlı inkişafına mənfi təsir göstərir.

 

 15 may Azərbaycanın tanınmış dövlət xadimi, publisist və maarifçi Məhəmmədyusif Cəfərzadənin xatirə günüdür:

 

Hələ 27 yaşında Azərbaycanı Rusiya Dövlət Dumasında təmsil edən M.Cəfərzadənin səyi sayəsində həmin vaxtlar müsəlmanlara şamil edilən bir sıra qadağalar aradan götürülüb. Məhəmmədyusif Cəfərzadə Birinci Dünya Müharibəsi illərində Qırmızı Xaç Komitəsinə rəhbərlik edərək azərbaycanlı qaçqınlara, kimsəsiz uşaqlara yardım göstərib.

1917-ci il Fevral Burjua İnqilabından sonra Rusiya Müvəqqəti hökumətinin tərkibində Qafqaz üzrə xüsusi komitəyə daxil edilən N.Cəfərzadə 1918-ci ildə yaranan Zaqafqaziya Federativ Seymi hökumətində də var idi. Məhəmmədyusif Cəfərzadə 1920-ci ildə Azərbaycan parlamentinə sədrlik edib, Sovet hakimiyyəti illərində də bir sıra məsul vəzifələrdə çalışıb.

 

1938-ci il mayın 15-də Məhəmmədyusif Cəfərzadə repressiya qurbanlarından biri kimi həlak olub. (1885-1938)

 

15 may 1919-cu il tarixində Antanta dövlətlərinin dəstəklədiyi yunanlar İzmir şəhərini işğal etdi:

 

Jurnalist Həsən tahsin və Əsgərlik şöbəsinin sədri polkovnik (albay) Süleyman Fethi yunan əsgərləri tərəfindən öldürüldülər və Türk Qurtuluş müharibəsinin ilk şəhidləri oldular. Yunanıstanın İzmirə qoşun göndərməsi Türkiyənin İstiqlal Müharibəsi (Qurtuluş Savaşı) üçün bir qığılcım rolunu oynadı.

 

Yunan işğalına başda İstanbul olmaqla, ölkənin çox yeri etiraza qalxdı və bu hərəkat milli müqavimət təşkilatlarının yaranmasını təmin etdi.