Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-06 15:51:00
Müəllim Azərbaycan dili fənninin mənimsənilməsində həvəsləndirici oxu və yazı müsabiqəsi həyata keçirib

Müəllim kimi fəaliyyət göstərdiyim İsmayıllı rayonu Azərbaycanın multikultural dəyərlərə sadiq olan ən önəmli bölgələrindən biridir. Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsi çərçivəsində qalib olmuş müəllifi olduğum “Milli azlıqlardan ibarət ibtidai siniflərdə Azərbaycan dili fənninin mənimsənilməsində həvəsləndirici oxu və yazı müsabiqəsi” layihəsi də rayon ərazisində kompakt halda yaşayan milli azlıq və etnik qrupların təhsil aldığı məktəbləri əhatə etməkdədir.


Düşünürəm ki,
Azərbaycan dilinin zəruri ünsiyyət vasitəsi olması ilə bərabər dövlətçiliyimizin əsaslarından biri kimi təhsilalanlara dolğun formada mənimsədilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dili fənnini öyrənərkən şagirdlər danışma, dinləmə, ədəbi dil normalarına uyğun oxu və yazı bacarıqlarını inkişaf etdirirlər. İbtidai sinif müəllimi olaraq müşahidə etdiyim məqam milli azlıqların yaşadığı bölgələrdə erkən yaşlarda məktəbə qədəm qoyan şagirdlərin Azərbaycan dili fənninin mənimsənilməsi prosesində digər həmyaşıdlarından fərqli olaraq özünəməxsus mərhələ keçməsidir. Belə ki, ailədə ana dilində danışan azyaşlının ibtidai sinif mərhələsində Azərbaycan dili fənnini mənimsəmə prosesi xüsusi diqqət edilməli məqamlardan biri olur. Təhsilin bütün pillələri üzrə müəyyən edilən məzmun xətlərinin (dinləyib-anlama və danışma, oxu, yazı, və dil qaydaları) ibtidai sinifdə doğru aşılanması növbəti illərdə şagirdlərin Azərbaycan dili fənni və təbii olaraq digər fənlər üzrə qazanacağı uğurların təməlini təşkil edəcəkdir. Həmçinin şagirdlərin özlərini yaradıcı və bədii şəkildə ifadə etməsində bu amil mühüm rol oynayır.

 

Layihəmin məqsədi milli azlıq nümayəndələrinin təhsil aldığı ibtidai siniflərdə Azərbaycan dili fənninin tədrisi zamanı oxu və yazı bacarıqlarının inkişafı üçün stimullaşdırıcı mühit formalaşdırmaq, dilimizin zənginliyi fonunda şagirdlərin erkən yaşlarda özünüifadə bacarıqlarını inkişaf etdirməkdir. İsmayıllı rayonu ərazisində 7 fərqli azsaylı xalqın nümayəndəsi yaşayır ki, bu müsabiqə növbəti mərhələdə həmin məktəblərdə çalışan müəllim və şagirdlərin də fəal iştirakına və Azərbaycan dili fənninin mənimsənilməsi zamanı onların daha çox motivasiya edilməsinə gətirib çıxaracaq.

 

Layihə müddətində İsmayıllı rayonu ərazisində milli azlıqların kompakt halda yaşadığı İstisu, Sumağallı, Qalacıq, İvanovka, Hacıhətəmli, Qurbanəfəndi məktəbinin ibtidai siniflərində oxuyub-anlama və yazı müsabiqəsi keçirilir. Bir neçə mərhələdən ibarət olan layihənin sonunda qalib gələn şagirdlər və onların müəllimləri mükafatlandırılacaqlar.

 


Oxu, fərdin idraki, emosional, psixomotor bacarıqları olmaqla yanaşı, insanların anadangəlmə deyil, təhsilalma prosesində əldə etdikləri sosial bir ehtiyacdır. Həmçinin, fərdin dünyagörüşünə, bilik səviyyəsinə, ünsiyyətinə, idraki bacarıqlarına birbaşa təsir edən aktiv bir fəaliyyətdir. Bu baxımdan, oxuduğunu anlamaq və oxu savadlılığı beynəlxalq səviyyədə əhəmiyyətli hesab edilən və yoxlanılan bacarıqlardandır. Bu layihənin sonunda milli azlıqların yaşadıqları kənd və qəsəbə məktəblərində erkən yaşlarda Azərbaycan dili fənni üzrə əsas və alt-standartların mənimsənilməsi zamanı müəllim və şagirdlərdə əlavə motivasiya yaranacaq. Layihənin icrası zamanı iştirakçılar arasında yaranacaq sağlam rəqabət mühiti, uğur qazanan şagird və onların müəllimlərinin rəğbətləndirilməsi növbəti dəfə daha geniş formada iştirak və motivasiyasını təmin edəcək. Şagirdlərin Azərbaycan dili fənni üzrə təşkil edilən oxu və yazı müsabiqəsində iştirakı onlarda mütaliə marağını, yaradıcılıq bacarıqlarını daha da artıracaq. Multikultural rəngarəngliyimizin fonunda Azərbaycan dilinin zənginliyini erkən yaşlardan mənimsəyən şagirdlər təhsilin növbəti pillələrində qazanılacaq biliklərin təmə
lini atmış olacaqlar.

 


Artıq layihənin icrası müddətində 6 kənd məktəbində müsabiqələri reallaşdırmışıq. Məktəb rəhbərlərinin və müəllim heyətinin böyük maraqla qarşılayaraq dəstəklədiyi layihənin icrası uğurla davam etdirilməkdədir.
Azərbaycan təhsilinə faydalı olması ümidi ilə!

 

Şahid Muradlı