Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-29 11:00:00
Əsas məqsəd təhsilin əhatəliliyi və əlçatanlığıdır  

Məlum olduğu kimi, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 iyun 2021-ci il tarixli fərmana əsasən, Təhsil Tələbə Krediti Fondu təhsil tələbə kreditlərinin verilməsini təşkil edən qeyri-kommersiya hüquqi şəxs olub, fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən 7 üzvdən ibarət Himayəçilik Şurası yaradılıb. 

 

İstənilən dövlətin inkişafının göstəricisi onun təhsilinin səviyyəsindən asılıdır. Bu prosesdə ali məktəb tələbələrinin sayı çox önəmlidir. Ali təhsilin ödənişli olması təhsili əlçatan etmirdi. Çoxlu savadlı gənc ali təhsildən kənarda qalırdı. Qarşıda iki yol var idi.Ya valideynlər olan-olmazını satıb uşaqların təhsil haqqını ödəməli idilər, ya da gənc növbəti illəri gözləməli və ya təhsildən uzaqlaşmalı idi. Başqa sözlə, gəncliyimizin təhsil trayektoriyası qırılırdı. Bu yol inkişafımız üçün çox zərərli yoldur. Bu səbəbdən 2000- ci illərdə bu məsələ Milli Məclisdə gündəmə gəlmişdi. Ortada Qazaxstan təcrübəsi də var idi. O dövrdə bu problemi həll etmək mümkün olmadı. Çox sevindirici haldır ki, indi bu məsələ qanunvericilik səviyyəsində həll edilibdir. Bu, olduqca əhəmiyyətli məqamdır.

 

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yaradılan Təhsil Tələbə Krediti Fonduna gələcək fəaliyyətində uğurlar arzulayıram. Təhsil Tələbə Krediti Fondunun məqsədi və fəaliyyətinin təşkili və digər incə məqamlarla bağlı Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilovun fikirləri də maraqlıdır:

 

– Bildiyimiz kimi, ölkə başçısı tərəfindən imzalanmış məlum fərmana əsasən, fondun fəaliyyətinin təşkili ilə bağlı xərcləri dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Bununla bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına fondun ilkin nizamnamə kapitalının formalaşdırılmasını təmin etmək, fondun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydasını bir ay müddətində təsdiq edib, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılmışdı.

 

Fərmandan göründüyü kimi, əsas məqsəd təhsilin keyfiyyətini, əhatəliliyini təmin etmək, o cümlədən də sosial baxımdan həssas ailələrin üzvləri olan gənclərə ali təhsil almaq imkanını yaratmaqdır. Artıq təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılıb. Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq qaydaya əsasən, təhsil tələbə kreditinin sosial və standart növlərinin mövcudluğundan göründüyü kimi, tələbə kreditləri ali təhsilin əhatəliliyini və əlçatanlığını artırmaqla bərabər, rəqabətliliyin də gücləndirilməsinə hədəflənib. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcək ki, onlara kreditlər güzəştli şərtlərlə veriləcək. Təhsil tələbə kreditinin ayrılmasında məqsəd ali təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və ali təhsilin əhatə dairəsinin genişləndirilməsidır. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə (Sosial kreditlər üzrə illik faiz dərəcəsi 2 faiz, standart kreditlər üzrə isə 6 faiz olaraq müəyyən edilmişdir) və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir ki, bu da beynəlxalq təcrübəyə adekvatdır. 

 

Bu fondun bir çox müqayisəli məziyyətləri var ki, bunların da içərisində tələbə təhsil krediti alacaq tələbələr üçün özəl və ya dövlət universitetinin fərqinin olmamasını, təhsil aldığı müddətdə kreditlərdən yararlanan tələbə başqa təhsil müəssisəsinə ödənişli əsaslarla köçürüldükdə, bu zaman da kreditlərdən yararlana bilməsini, bakalavriat pilləsində təhsil kreditindən faydalanan tələbənin məbləği geri qaytarmadan magistratura pilləsinə ödənişli qəbul olursa, o, kreditdən faydalana biləcəyini, təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmamasını və kreditin qaytarılmasının tələb olunmamasını xüsusi qeyd etmək olar. O da təqdiredicidir ki, yuxarı təhsil səviyyəsində əyani təhsil alan, həqiqi hərbi xidmətə gedən, məhkum olan, hamiləliyə, doğuma görə və uşağın 3 yaşı tamam olana qədər ona qulluq etməkdən ötrü ödənişli sosial məzuniyyətdə olduğu müddət və sağlamlıq imkanı məhdud 18 yaşadək uşaqlara və birinci dərəcəli əlilliyi olan şəxslərə möhlət hüququ veriləcək.

 

Bəllidir ki, niyyət fəaliyyətin ruhudur.Yeni qanun tətbiq edilərkən niyyət saf olmalıdır, ancaq gənclərimizə xidmət olmalıdır. Bu qanundan istifadə edərək heç bir məmur öz şəxsi mənafeyi haqqında düşünməməlidir. Yoxsa, bu, millətə xəyanətdir. Təhsil trayektoriyasını qırmamaq üçün bu kreditlər gənclərimizin yüksək keyfiyyətli ali təhsil almasına, ali təhsillilərin sayının artmasına xidmət edəcəkdir.

 

Şahlar ƏSGƏROV, Əməkdar elm xadimi, professor

xalq qəzeti