Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-10 17:21:00
Azərbaycan ilə Tacikistan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov ilə bu ölkənin elm və təhsil naziri Məhəmmədyusuf İmamzadə arasında görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə səfir Azərbaycanda həyata keçirilən təhsil islahatları barədə ətraflı danışıb, Tacikistan ilə təhsil sahəsində əməkdaşlığın inkişafı üçün iki ölkənin aidiyyəti nazirlikləri, təhsil müəssisələri, elmi-tədqiqat mərkəzləri arasında mübadilə proqramlarının həyata keçirilməsinin vacibliyini qeyd edib.

 

M.İmamzadə vaxtilə Tacikistan Milli Universitetinin rektoru kimi Azərbaycana səfərlər etdiyini xatırlayaraq, ölkəmiz haqqında xoş təəssüratlarını bölüşüb. O, iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq üçün böyük potensial olduğunu və növbəti illərdə əlaqələrin daha da genişlənəcəyinə əminliyini vurğulayıb.

 

Görüşdə Azərbaycan və Tacikistan ali təhsil müəssisələri assosiasiyasının yaradılması, qurumlar arasında illik kvotaların artırılması məsələləri və əhəmiyyət kəsb edən digər ikitərəfli məsələlər müzakirə olunub.