Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-01 10:12:00
“Kiçik Akademiya” rəhbərləri ilə görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyətinə dair görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, onlayn görüşdə BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova və 12 inzibati rayon üzrə ümumi təhsil məktəblərinin “Kiçik Akademiya” rəhbərləri iştirak ediblər.

 

Görüşün keçirilməsində məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsi ilə əlaqədar yaradılan “Kiçik Akademiya”lar daxilində həyata keçirilən tədbirlər və qarşıda duran məsələlər barədə müzakirə aparmaqdan ibarətdir.

 

Həmçinin görüşdə “Kiçik Akademiya”ların yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, ali təhsil müəssisələri ilə ümumi təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsindəki böyük rolundan bəhs olunub. “Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsinin və şagirdlərdə tədqiqat işinə marağın artırılmasının qarşıya qoyulan əsas hədəflərdən olduğu bildirilib.

 

Eyni zamanda “Kiçik Akademiya” daxilində həyata keçirilən işlərin sistemli şəkildə idarə olunması, izlənilməsi və işıqlandırılması məqsədilə www.bakuka.az saytının yaradılması, “Kiçik Akademiya” üzvlərinin I ümumşəhər konfransınının keçirilməsi kimi məsələlər də müzakirə olunub.

 

Sonda “Kiçik Akademiya” rəhbərlərinin sualları cavablandırılıb.