Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-27 10:16:00
Daxili müsahibələrin yeni qaydalara əsasən təşkili mövzusunda onlayn təlim keçirilib

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2021-ci il 16 iyul tarixli Qanununa əsasən, dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması ilə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) internet portalında daxili müsahibə elanı verilir və namizədlər iddia etdikləri vəzifələrə onlayn qaydada qeydiyyatdan keçərək müvafiq sənədləri təqdim edirlər.

 

Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslərə də daxili müsahibələrdə iştirak etmək hüququ verilib. Bu vəzifələrin tutulması ilə bağlı müsahibə zamanı yalnız həmin dövlət orqanının nümayəndələri daxil edilən 3 nəfərdən ibarət tərkibdə komissiya yaradılır.

 

AzEdu.az xəbər verir  ki, qeyd olunan vəzifələrə iddia edən namizədlərlə müsahibələrin keçirilmə qrafikinin təyini və müsahibələrin təşkilini (müsahibənin vaxtını və yerini, müsahibədə iştirak edəcək komissiya üzvlərinin təyin edilməsi) dövlət orqanları tərəfindən vahid platforma üzərindən həyata keçirmək üçün “Vəzifələrin İdarəedilməsi Sistemi”ndə (VİS) edilən müəyyən əlavə və dəyişiklikləri dövlət orqanlarının məsul şəxslərinə təqdim etmək məqsədilə oktyabrın 26-da “Zoom” platforması vasitəsilə görüş təşkil edilib.

 

Görüşdə 2021-ci il 30 sentyabr tarixli daxili müsahibə elanına vakansiyalarını təqdim etmiş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri iştirak edib.

 

Mərkəzin E-imtahanlar və müsahibələrin təşkili departamentinin Müsahibələrin təşkili şöbəsinin müdiri Xədicə Əzimova və E-imtahanların təşkili sektorunun baş məsləhətçisi Gülmirə İsayeva tərəfindən iştirakçılara müsahibə qrafikinin təyini və müsahibələrin təşkili, VİS platformasından istifadə və “Onlayn Müsahibə Sistemi” vasitəsilə müsahibələrin qiymətləndirilməsi qaydaları haqqında ətraflı məlumat verilib və sonda iştirakçıların sualları cavablandırılıb.