Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-15 14:38:00
Pilotsuz uçuş aparatları üzrə mütəxəssis hazırlanacaq –Layihə rəhbərindən vacib anonslar

 

 

“Hazırda peşə ixtisasları arasında pilotsuz uçan aparatların operatoru və servis mütəxəssisi kimi ixtisaslar açılıb, gələn ildən pilot layihə olaraq bunlara başlanılacaq”.

 

 

AzEdu.az xəbər verir ki, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində  israilli mütəxəssislər tərəfindən keçirilən “Dron idarəedilməsi və dəqiq aqronomluq” üzrə təlimlər zamanı jurnalistlərə açıqlamasında STEAM layihəsinin rəhbəri İqrar Nəzərov qeyd edib.

 

Layihə rəhbəri modulun peşə məktəblərində tətbiq edilməsi prosesindən danışıb:

 

 

“Bildiyimiz kimi, STEAM layihəsi 2019-2020-ci tədris ilindən etibarən Azərbaycanda orta məktəblərdə tətbiq olunmağa başlayıb. Onun 7-ci siniflərdə modullarından biri uçan pilotsuz aparatların proqramlaşdırılması və tətbiqidir. Hazırda Azərbaycan təhsilində aparılan islahatlar, eyni zamanda cənab prezidentin qarşıya qoyduğu tapşırıqlardan biri gələcəyə, gələcəyin peşələrinə hazırlıqla bağlıdır. Biz orta məktəblərdə bu prosesə başlayanda eyni zamanda düşündük ki, peşə məktəblərində müxtəlif peşə ixtisasları üzrə də bu modulun tətbiq edə bilərik. Elə bu məqsədlə Peşə təhsili üzrə Dövlət Agentliyi ilə birlikdə fəaliyyət göstərməyə başladıq. Beləliklə bu ixtisaslar üçün, xüsusi ilə kənd təsərrüfatı sahəsində pilotsuz uçan aparatların tətbiqi və yeni modul pilot layihə olaraq dəqiq aqronomluq ixtisası üzrə hazırlıq işlərini həyata keçirməyə başladıq”.

 

İ.Nəzərov  təlimlərdə iştirak edən azərbaycanlı təlimçilərdan danışaraq, istifadə edilən dronlara diqqət çəkib:

 

“Hazırda ölkəmizdə yeni texnologiyalarla süni-intellektin tətbiqi vasitəsi ilə yeni təlimlərə başlanılıb. Təlimlərə Azərbaycandakı mütəxəssislər, yəni peşə məktəbi və peşə liseylərinin müəllimləri, eyni zamanda STEAM layihəsinin mütəxəssisləri cəlb olunub. Hazırda təlimlərdə ümumilikdə 15 mütəxəssis iştirak edir. Məlum olduğu kimi STEAM Azərbaycan layihəsi, “ORT İsrail” məktəblər şəbəkəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin qarşılıqlı əməkdaşlığı ilə həyata keçirilir. Eyni zamanda hazırda davam edən “Dron idarəedilməsi və dəqiq aqronomluq” təlimləri həmin qarşlıqlı razılaşmanın əsasında aparılır. Təlimlərə xüsusi xarici mütəxəssis cəlb olunub, burada 11 kənd təsərrüfatı, 8 monitorinq və xəritələmə dronlarından istifadə olunur”.

 

Layihə rəhbəri qarşıdakı  zamanlarda təlimlərin davam edəcəyini bildirərək dron texnikasının əhəmiyyətini vurğulayıb:

 

“Bu dronlar vasitəsi ilə  kənd təsərrüfatında ilk növbədə sahənin xəritələnməsi və monitorinqi sürətlə həyata keçirilir. Eyni zamanda sahədəki bitki örtüyünün vəziyyəti, vegetasiya indekləsinin analizi ilə baş verir.  Modulu  bir neçə hissəyə bölmək istəsək, bunun  özünün  ayrıca bir elm olduğunu görərik. Çünki bu spektral analiz üçün bizim təlimçilər fizika, kimya, biologiya kimi digər elmlərdən müəyyən qədər məlumatlı olmalıdırlar.

 

Hazırda təlimdə iştirak edənlər manual olaraq dronların idarəetməsini öyrənirlər. Gələn həftə yeni xarici mütəxəssislərin cəlbi ilə bunların teoritik- nəzəri hissəsləri öyrədiləcək. Dronlar vasitəsi ilə sahənin hansı hissəsində nə kimi addımlar atılmalı olduğunu dəqiq öyrənmiş oluruq”.