Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-24 12:48:00
ARTİ təhsil proqramlarını təkmilləşdirir  

Gün keçdikcə texnologiyanın, sənayenin və iqtisadiyyatın elmin qarşısına qoyduğu tələblər artır. Bu sahələrin inkişafına şərait yaratmaq üçün elm daima inkişaf etməlidir. Nəzərə alsaq ki, elmin bünövrəsi məktəblərdə atılır, məktəbdə tədris olunan məzmun daim yenilənməli və təkmilləşdirilməlidir.

 

Bu təkmilləşdirilmələr zamanı dövrün, hətta gələcəyin tələbləri diqqətə alınmalıdır. Bu istiqamətdə, riyaziyyat fənni üzrə təhsilin müasirliyini, həmçinin rəqabətliliyini təmin etmək məqsədilə bu fənnin I-XI siniflər üçün təhsil proqramının təkmilləşdirilməsi prosesinə başlanılmışdır. Bu prosesdə Təhsil Nazirliyi Sinqapurun Marşal Kavendiş İnstitutu  ilə uzunmüddətli əməkdaşlıq aparır. Marşal Kavendiş İnstitutu ilə keçirilən layihənin ilk mərhələsi başa çatmışdır. Bu mərhələdə V-IX siniflər üçün riyaziyyat fənni üzrə mövcud təhsil proqramları təhlil edilmiş, boşluqlar və ehtiyaclar müəyyənləşdirilmişdir.

 

Digər bir məsələ, təbiət fənlərinin (fizika, kimya, biologiya və coğrafiya) tədrisində tələb olunan yeniliklərdir. Belə ki, zamanın tələbi bu fənlərin maksimum dərəcədə inteqrativ tədris olunmasıdır. Şagirdlərin təbiət hadisələrinə fərqli cəhətlərdən baxması onlarda bu hadisələr haqqında daha düzgün və tam təsəvvürün yaranmasına gətirib çıxaracaqdır. Bu məqsədlə ümumtəhsil məktəblərinin V sinfində təbiət fənninin tədris olunmasına qərar verilmişdir. Bu fənnin təhsil proqramının hazırlanmasında Sinqapurun digər təhsil şirkəti olan Alston Nəşriyyat Evi ilə əməkdaşlıq edilmişdir. Bunun davamı olaraq sonrakı siniflərdə təbiət fənləri ayrı-ayrı tədris olunsa da, onların inteqrativliyini təmin etmək  fizika, kimya və biologiya fənlərinin təhsil proqramlarının təkmilləşdirilməsi nəzərdə tutulub. Əlavə olaraq, şagirdlərdə təbiət fənlərinə marağı daha erkən yaşlarda oyatmaq məqsədilə I-IV siniflər üçün Həyat bilgisi fənninin təhsil proqramlarında da müəyyən dəyişikliklər edilməsi nəzərdə tutulub. Bu fəaliyyətlərin də Alston Nəşriyyat Evi ilə əməkdaşlıq çərçivəsində yerinə yetirilməsi planlaşdırılır.

 

Mənsur MƏHƏRRƏMOV,

ARTİ-nin Təhsil proqramları və standartları şöbəsinin müdiri

Azərbaycan müəllimi