Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-13 11:25:00
Paytaxt məktəblərində Anım və Zəfər günlərinə həsr olunan tədbirlər təşkil ediləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 27 sentyabr - Anım Günü və 8 noyabr - Zəfər Gününün qeyd edilməsi ilə bağlı əmr imzalanıb.

 

Bu barədə AzEdu.az-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr- Anım Günü və 8 noyabr - Zəfər Günü ilə bağlı tədbirlər planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində Anım Günü və Zəfər Gününə həs olunmuş konfranslar, seminarlar, mühazirələr, dəyirmi masalar, açıq dərslər, vebinarlar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgilərinin təşkili nəzərdə tutulur.

 

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərlə, qazilərlə, şəhidlərin ailə üzvləri ilə görüşlərin keçirilməsi, onların həyat və mübarizə yolunu əks etdirən videoçarxların nümayişi də planlaşdırılır. Həmçinin təhsil müəssisələrində Anım Günü və Zəfər Gününə həsr olunmuş yaradıcılıq müsabiqələri (rəsm, inşa, şeir, mahnı, əl işləri, videoçarx, təqdimat), intellektual oyunlar keçiriləcək.

 

Bundan başqa, tədbirlər planına şagirdlərin Vətən müharibəsi memorial kompleksinə və Zəfər muzeyinə ekskursiyalarının təşkili, o cümlədən “Zəfər tarixi” adlı elmi-praktik konfransın keçirilməsi daxildir.

Təhsil müəssisələrində işğaldan azad edilmiş bölgələrin tarixi, coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri ilə bağlı tədbirlər təşkil ediləcək, həyata keçirilən quruculuq işləri barədə şagirdlərə məlumat veriləcək, videomateriallar nümayiş olunacaq.