Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-10 14:25:00
İcma əsaslı məktəbəqədər təhsilin inkişafı layihəsi çərçivəsində görüş  

Ağcabədi Rayon Bayraq Muzeyində UNICEF və Avropa İttifaqının maliyyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində görüş keçirilib.

Təhsil İnstitutundan bildirilib ki, görüşdə təqdimatçı Orxan Cəfərov layihənin 2019-2021-ci illər üzrə hədəfləri barədə məlumat verib. Qeyd olunub ki, həmin illərdə 50 rayon və şəhər, 85 kənd, 9373 uşaq layihəyə cəlb olunub.

Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftalıyeva, Muğanlı kənd tam orta məktəbinin direktoru Reyhan Ağayeva, Avşar kənd 3 saylı ümumi orta məktəbin direktoru Günay Əliyeva, Şənlik kəndindən icma müəllimi Aygün Quliyeva və digərləri çıxışlar edərək, müzakirələr aparıblar. Sonda isə Təzəkənd kənd icmasının uşaqları müxtəlif kompozisiyalar nümayiş etdiriblər.

Qeyd edək ki, 2017-ci ildən həyata keçirilən layihənin əsas məqsədi icmalarda məktəbəqədər təhsilə cəlb olunmuş 3-5 yaşlı uşaqların sayını artırmaq, erkən yaşda təlimin uşağın sosial-emosional, intellektual bacarıqlarının yaxşılaşmasına müsbət təsiri, onun gələcəkdə uğur qazanmasına imkan yaratmaq, vətəndaş iştirakını təmin etməklə əlverişsiz kənd icmalarında keyfiyyətli təhsil xidmətlərinə nail olmaqdır.

Layihə, eyni zamanda, məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsi, valideynlərin təhsil xidmətlərinin idarəedilməsi və monitorinqində iştirakını dəstəkləyir.