Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-03 13:59:00
Sağlamlıq səbəbindən peyvənd oluna bilməyən tələbələrin aqibəti necə olacaq?-  Mülahizə və proqnozlar

Bir  müddət  öncə  Bakı  Şəhəri  üzrə  Təhsil  İdarəsinin  müdiri  Mehriban  Vəliyeva  COVİD-19  pasportu  olmayan  təhsil  işçiləri  üçün  müəyyən  məhdudiyyətlərin  tətbiq  olunacağını  bildirmişdi.

 

Doğrudur, təhsil  müəssisələrinin  yeni  tədris  ilində təhsilin bütün  səviyyələri üzrə  hansı  formada  açılacağı  və qeyd  edilən  mövzuda  hansı  məhdudiyyətlərin tətbiq ediləcəyi ilə  bağlı  hələki  qərar  verilməyib.

 

Bununla  bağlı  bir  qaranlıq  məqam  da  ortaya  çıxır. Həmin  məhdudiyyətlər  səhhətindəki  müəyyən  problemlərə  görə  peyvənd  oluna  bilməyən, əks  göstəriş  sertifikatı  alan  tələbələr və  ali  təhsil  müəssisələrinin  işçilərinə  də  aid  olunacaq?

 

Mövzu  ilə  bağlı  AzEdu.az-a  danışan  UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri Xətai  Əliyev  əks  göstəriş  sertifikatı  alacaq  şəxslərin  də  vaksinasiyaya  cəlb  olunduğunu  qeyd  edib:

 

 

“Əks  göstəriş  sertifikatlarının  verilməsi ilə  bağlı  məlumatların  açıqlandığı  bildirilib. Ancaq  bu  gün  kimsə  gedib  hər  hansı  bir əks  göstəriş  sertifikatı  almaq  istəsə  elə  bir  şansı  yoxdur, ümumiyyətlə bununla təmin edəcək elə  bir  yer, komissiya  mövcud deyil. Sadəcə,  almağın  mümkün olması açıqlanıb, bunun  xaricində  başqa  bir  şey  deyilməyib. Bir  tərəfdən  müvafiq  şəxslərə  əks  göstəriş  sertifikatlarının  verilə  biləcəyi  deyilir, ancaq  digər  yandan  həmin  şəxslər  vaksinasiyaya  cəlb olunurlar. Ətrafımda  da  bu  mövzu ilə  bağlı  tanıdığım  bir  neçə  insan, təhsil  içşçiləri  var. Yəqin  ki, əks  göstəriş  sertifikatları  xüsusi  səbəblərə görə  veriləcək, ancaq  bu  səbəblər  hələ  açıqlanmayıb. Məsələn, yüksək  allergiya  göstəriciləri  ilə  də peyvənd  vurduranlar  oldu  və  heç  bir  problem də  yaşanmadı.

 

Doğrudur, risklidir, peyvənddən  əvvəl və  sonra  allergiyanı  azaltmaq  üçün  dərman  qəbul  edilməlidir.  Amma  ümumilikdə  təhsil  müəssisələrində  COVİD -19  pasportu  olmayan  şəxslər  üçün  hansı  məhdudiyyətlərin  olacağı  açıqlanmayıb. Çünki  ortada  stabil  bir  sistem  yoxdur. Bir  tərəfdən  müvafiq  şəxslərin  peyvənd  vurdurmamasının  hər  hansı  şərtlərlə  qəbul  edilə  biləcəyi  bildirilsə də, digər  tərəfdən həmin  şəxslər  vaksinasiyaya  cəlb olunur”.

 

Bakı  Mühəndislik  Universitetinin  Elmi  işlər  üzrə  prorektoru, ali  təhsil  üzrə  ekspert  Elçin  Süleymanov  AzEdu.az-a  açıqlamasında  həkim  rəyi ilə  peyvənd  oluna  bilməyənlər  üçün  müəyyən  güzəştlərin  tətbiq  edilə  biləcəyini  bildirib:

 

“Nazirlər Kabinetinin bu mövzuda təlimatı sentyabardan etibarən təhsil, səhiyyə və ictimai yerlərdə  COVİD 19 pasportunun tələb ediməsi yönündədir. Düşünürəm ki, bu düzgün bir qərardı. Təhsil müəssisələrinin əyani tədrisə başlayacağı  zaman  bu həm müəllim, həm də tələbələrin sağlamlığı üçün vacibdir. Onsuz  da  peyvənd  ödənişsizdir və zərərləri haqqında ciddi bir tədqiqat  da  yoxdur. Amma faydası haqqında minlərlə tədqiqat var. Eyni zamanda onlayn  olaraq  həm  peyvənd   növbəsi, həm də peyvəndləmə   və pasportlaşma tətbiqi olduğundan, düşünürəm ki, gənclər bu prosesdə  həvəslə  iştirak  edirlər. Təbii ki, əgər müəyyən səbəblərdən həkim rəyi ilə vaksin vurdura  bilməyənlər olarsa, onlara həkim rəyinə əsasən güzəşt ediləcək. Məqsəd həm təhsilalanların, həm də təhsilverənlərin qorunmasıdır”.

 

Qeyd  edək  ki, Təhsil  Nazirliyi  tərəfindən  yaxın  günlərdə  təhsil  müəssisələrinin  hansı  formada açılacağı  ilə  bağlı  verilən  qərarların  ictimaiyyətə  açıqlanacağı  bildirilib.