Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-25 16:30:00
Azərbaycan məktəblərində  üzgüçülük hovuzları olmalıdırmı?  

Yaponiyanın ibtidai (1-6-cı siniflər) və orta məktəblərinin (7-9-cu siniflər) əksəriyyətində üzgüçülük hovuzları var. Üzgüçülük dərsləri məcburidir. Buna səbəb 1955-ci ildə Yaponiyada baş vermiş gəmi qəzasıdır. Ölənlərin əksəriyyəti üzə bilmədikləri üçün boğuldular. Bundan sonra hökümət belə qərara gəldi ki, üzgüçülüyə ibtidai siniflərdən başlamaq lazımdır. Yaponiyadan sonra 2015-ci ildə Cənubi Koreyada məktəblər bu işə başladı. Buna səbəb 2014-cü ildə Cənubi Koreyada batan gəmiyə köməyə getmiş xilasetmə qüvvələrindən hər 3 nəfərdən 1-nin üzə bilməməsi olub.

Düzdür, qeyd etdiyimiz kimi məktəblərdə  üzgüçülük hovuzlarının yaradılmasına səbəb  gəmi qəzalarında ölənlərin əksəriyyətinin üzə bilməməsi olub

Maraqlıdır,  Azərbaycan məktəblərində  də  bu cür hovuzlar olmalıdırmı?

AzEdu.az xəbər vderir ki, təhsil eksperti Nadir İsrafilov Modern.az saytına deyib ki,  məktəblərin üzgüçülük hovuzları ilə təchiz edilməsi dünyanın bir sıra dövlətləri ilə müqayisədə ölkəmiz üçün nisbətən yeni məsələdir:

“Bildiyim qədər Yeni Yasamal massivində yerləşən  308 № -li, tam orta məktəbdə,  həmçinin Xətai rayonundakı  59 №-li tam orta məktəbin yeni inşa olunmuş  korpusunda belə hovuzlar fəaliyyət göstərir. Bakı İstedadlar Təhsil Kompleksinin Nizami rayonu ərazisində inşa olunmuş yeni binasında da 2 üzgüçülük hovuzu yaradılıb. Görünür, gələcəkdə yeni inşa olunacaq məktəblərdə və əlavə tədris korpuslarında da belə hovuzların yaradılması nəzərdə tutulacaq”.

Ekspertin sözlərinə görə, hovuz məktəb üçün perspektivli gəlir mənbəyidir:

“Azərbaycan idman ölkəsidir və dünyanın bir çox möhtərəm idman yarışlarına ev sahibliyi edir.  Məktəblərdə  hovuzların mövcudluğu idmana və bədən tərbiyəsinə, xüsusilə də su idmanı növlərinə marağı artırmaqla yanaşı, həm də yeniyetmə və gənclərimizin sağlamlığı və fiziki inkişafı deməkdir. Əlbəttə, bəzi özəl liseylər, məsələn bilavasitə şahidi olduğum “İdrak” liseyi xüsusi müqavilə əsasında qonşuluqda yerləşən hovuzlara mütəmadi olaraq öz şagirdlərini aparırlar. Həmçinin hovuz məktəb üçün əlavə xidmət göstərmək baxımından perspektivli gəlir mənbəyidir. Bilavasitə olduğum Kiyev və Minsk şəhərlərinin bir sıra məktəblərində üzgüçülük hovuzlarından özləri istifadə etməklə yanaşı, həm də pullu xidmət göstərib, öz infrastrukturlarının maddi ehtiyaclarını ödəyirlər”.