Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-23 15:00:00
UNEC şəhidlərini ehtiramla yad edir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi Qarabağ müharibəsində şəhid olan UNEC məzunu Qaratel Hacımahmudovanın Şəhidlər xiyabanında məzarını ziyarət edib, əziz xatirəsini yad ediblər.

 

AzEdu.az xəbər verir ki, ziyarətdən sonra müəllim və tələbələr şəhidin ailəsi ilə görüşüb, onun haqqında xatirələrini bölüşüblər.

 

1991-ci ildə Qaratelin doğulub boya-başa çatdığı Qazax rayonunun Aşağı Əskipara kəndinin erməni quldurlarının hücumlarına məruz qaldığını bildirən ailə üzvləri, onun haqsızlıqlara dözməyərək Aşağı Əskipara kəndində yaranan könüllü özünümüdafiə dəstəsinin tərkibində cəbhəyə yollandığını diqqətə çatdırıblar. Aşağı Əskipara kəndi güclü hücuma məruz qalanda belə, Qaratelin kənddən çıxmadığı, silahdaşları ilə birgə səngərlərdə yaxşı silahlanmış ermənilərə qarşı mərdliklə vuruşduğu qeyd olunub.

 

Bildirilib ki, 1992-ci il iyunun 14-də Aşağı Əskipara kəndi düşmənin ağır hücumuna məruz qalaraq işğal olunanda, Qaratel düşmənlə son nəfəsinədək döyüşüb və düşmənin əlinə sağ keçməmək üçün üzərində gəzdirdiyi zəhəri içərək, özünü güllə ilə vurub. 1992-ci il iyunun 26-da ermənilər tərəfindən başına pul mükafatı qoyulan, lakin şəxsiyyətini müəyyənləşdirə bilmədikləri Qaratel Hacımahmudovanın cəsədi başqa adla döyüşçü yoldaşlarının cəsədləri ilə birlikdə geri alındığı qeyd olunub.

 

Mühəndislik fakültəsinin dekan vəzifəsini icra edən dosent Elçin Səmədov, Mühəndislik və tətbiqi elmlər kafedrasının müdiri professor Rövnəq Rzayev “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş Qaratelin doğmalarına şəhid məzun haqqında qiymətli xatirələrini bölüşdüklərinə görə təşəkkürlərini bildiriblər. Qeyd edilib ki, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq Qaratel kimi igid övladların, mərd qızların keçdikləri həyat yolu müasir gənclər üçün örnəkdir. Vətən müharibəsində iştirak etmiş əsgər və zabitlərin şücaəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğunda apardığı davamlı islahatların nəticəsi olaraq işğal olunmuş ərazilərimizin qaytarılması Azərbaycanın azadlığı və müstəqilliyi yolunda canlarından keçmiş şəhidlərimizin qanlarının yerdə qalmadıqlarını bir daha sübut etdi.