Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-13 13:48:00
ADNSU-nun rektoru "Sikorski Çellenc 2021” startap festivalının açılış mərasimində çıxış edib  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı avqustun 12-də Kiyevdə Ukrayna Milli Texniki Universitetinin təşkil etdiyi ənənəvi "Sikorski Çellenc 2021” (Sikorsky Challenge) startap festivalında iştirak edib.

 

AzEdu.az xəbər verir ki,rektor M.Babanlı festivalın açılış mərasimində çıxış edərək Ukrayna Milli Texniki Universiteti və universitetin nəzdində fəaliyyət göstərən İnformasiya Texnologiyaları və Təhsil İnstitutu ilə ADNSU-nun sıx əməkdaşlıq əlaqələrindən, bu əməkdaşlığın nəticəsi olaraq artıq beş ildən artıqdır ki, fəaliyyət göstərən “eazi Start” Startap və İnnovasiya Mərkəzinin uğurları haqda məlumat verib.

 

O, "Sikorski Çellenc 2021” festivalına təqdim olunmuş 7 layihədən 4-ü ilə bağlı festival çərçivəsində təqdimatların olacağını qeyd edib. Rektor, professor M.Babanlı ADNSU-da startap məktəbinin yaradılmasında verdiyi töhfəyə, eləcə də innovasiyalar və transfer texnologiyaları sahəsində mütəxəssislərin hazırlığı işinə verdiyi dəstəyə görə Ukrayna Milli Texniki Universitetinin nəzdində fəaliyyət göstərən İnformasiya Texnologiyaları və Təhsil İnstitutunun direktoru, "Sikorski Çellenc” Mərkəzi və biznes inkubatorunun rəhbəri professor İnna Malyukovaya təşəkkürünü bildirib. ADNSU-nun rektoru, professor M.Babanlı universitetlə sıx əməkdaşlıq əlaqələrinin yaradılmasındakı xidmətlərinə görə İnna Malyukovaya Azərbaycan Respublikasının Təhsil naziri adından "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı”nı təqdim edib.

 

"Sikorski Çellenc 2021” festivalının ilk günü ADNSU-nun rektoru M.Babanlının tədbir çərçivəsində Ukrayna universitetlərinin rektorları ilə görüşləri keçirilib. Ukraynanın Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin rektoru Vladimir Onişenko ilə görüşdə iki ali məktəb arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Qeyd edək ki, "Sikorski Çellenc 2021” festivalı öz işini avqustun 14-də yekunlaşdıracaq.