Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-11 11:30:00
Bu şəxslər Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisəsində oxumaq imkanı qazanacaq

2021-2022-ci tədris ili üçün Bakı Mühəndislik Universiteti və Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisəsi olan İNHA  Universiteti tərəfindən həyata keçirilən beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) bakalavr pilləsinə onlayn qeydiyyat prosesi davam edir. Qeydiyyat 14 avqust saat 23:55-dək davam edəcək. Müraciət üçün sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir.

 

AzEdu.az xəbər verir ki 2021-2022-ci tədris ili üzrə ingilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavr proqramına informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə hər biri 25 nəfər olmaqla 100 nəfərin qəbul edilməsi nəzərdə tutulur. 

 

 Proqramın 3 il müddətində Bakı Mühəndislik Universiteti, 1 il müddətində isə İNHA Universitetində tədrisi nəzərdə tutulur.

 

 Sonda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavr diplomu təqdim ediləcək.

 

Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, habelə Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri də “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır. 

 

Qeyd edək ki, beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavriat pilləsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılır. Belə ki, BMU-İNHA İDP-yə Azərbaycan Respublikasının vətəndaşı olan və 2021-ci ildə DİM imtahanlarında iştirak etmiş və uğurla keçən I ixtisas qrupunun abituriyentləri və BMU-İNHA İDP-nin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış namizədlər müraciət edə bilər. Əlavə olaraq, proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi daxili imtahandan uğurla keçməlidirlər. Daxili imtahanda iştirak etmək üçün “onlayn anket formasını” dolduraraq tələb olunan sənədləri təqdim etmək lazımdır.

 

BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan avqustun 17-də (yazılı) və avqustun 19-da (şifahi) keçiriləcək. İmtahan nəticələri isə avqustun 23-də elan ediləcək. 

 

Ətraflı məlumatı  elandan əldə edə bilərsiniz.