Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-09 16:04:00
Stiven Hokinq haqqında kitab çap olundu-FOTO

 

 

Təhsil sahəsi üzrə tədqiqatçı-jurnalist, Respublika Təhsil Şurasının katibi Böyükağa Mikayıllının “Stiven Hokinq – təslim olmayan adam” adlı kitabı çap olunub. Kitabda britaniyalı dahi alim – nəzəriyyəçi-fizik, kvant kosmologiyasının banisi, kainatın tədqiq olunması, qara dəliklərin və kvant qravitasiyası prinsiplərinin öyrənilməsi sahəsində nüfuzlu mütəxəssis, uşaqlar üçün maraqlı əsərlər müəllifi, yazıçı Stiven Hokinqin həyat və yaradıcılığına nəzər yetirilir.

 

 

Müəllif, Stiven Hokinqin həyatının bütün mərhələlərini tədqiqata cəlb edib. Dahi alimin ağır xəstəliklə apardığı mübarizə, xəstəliyin törətdiyi ciddi fəsadlara baxmayaraq, elmi araşdırmalarından bir addım belə geri çəkilməməsi, nəticə olaraq fizika elminin inkişafına verdiyi töhfələr, bəşəriyyətin keçmişi və gələcəyi haqqında səsləndirdiyi özünəməxsus fikirlər mənbələr və faktlar əsasında təqdim olunur. Müəllif əsas diqqəti Stiven Hokinqin şəxsi keyfiyyətlərinə, mənəvi aləminə yönəldir, onu məğlubedilməz insan kimi xarakterizə edir. Göstərmək istəyir ki, məqsədlərinə doğru inamla addımlayan insanlar, gec ya tez buna nail olurlar. Yetər ki, haqq-ədalət yolunda olasan, əməllərin xeyirxahlığa, insanlığa, inkişafa xidmət edə. Stiven Hokinqin mübariz ruhu övladlarına da sirayət edib. Onlar da ədalətli, haqsevər insanlar kimi yetişiblər, elm sahəsində uğur qazanıblar.  

 

 

Kitab Respublika Təhsil Şurasının nəşrləri sırasında çap olunub. Kitabın redaktoru Respublika Təhsil Şurasının sədri Samir Mehdizadə, rəyçilər texnika elmləri doktoru, professor Fəxrəddin Yusifov, Əməkdar müəllim, fizika müəllimi Sevda Əskərli və əməkdar müəllim, fizika müəllimi Rövşən Əliyevdir.