Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-01 14:10:00
İmtahanların çətinliyi nəticəsində istedadlı gəncliyimizi itiririk-Sədr də narazılıq etdi

 

 

Təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin müzakirələri zamanı  bildirib ki, ali təhsilin əlçatanlığı, bərabər imkanların əldə edilməsi diqqətimizdə olan məsələlərdir. Həmçinin,  nazir vurğulayıb ki, qəbul zamanı testə düşən suallarla bağlı bəzi məqamlar bizi narahat edir.

 

Qəbul imtahanları hansı formada təşkil olunmalıdır? Suallar hansı çətinlikdə salınmalıdır?

 

AzEdu.az məsələ ilə əlaqədar Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri,  professor  Şahlar Əsgərovun fikirlərini təqdim edir:

 

“Təhsil naziri Emin Əmrullayevin qəbul imtahanına salınan sualların mahiyyətindəki narahatlığını ifadə etməsi başadüşüləndir. Azərbaycanda sərt yox, nisbətən yumşaq qəbul imtahanları təşkil olunmalıdır.

 

 

Ölkəmizdə ciddi qəbul imtahanı SSRİ rejimi zamanı keçirilirdi. Həmin imtahanların siyasi yükü, fəlsəfi çəkisi vardı. Orta məktəbi bitirən hər 100 gəncdən eyni ildə 33-34-ü ali məktəbdə təhsil ala bilərdi. Qalanları isə kolxozda, sovxozda, zavodlarda işləməliydi. Məhz bu səbəbdən imtahanlar sərtləşdirilirdi. Amma hazırda bu tipli imtahanlara ehtiyac yoxdur. Qəbul imtahanlarında dolaşıq suallar olmamalıdır. SSRİ çərçivəsindən çıxmaq lazımdır. Düşünürəm ki, buraxılış və qəbul imtahanlarının sualları yumşaldılmalıdır. Cənab nazirlə tam razılaşıram”.

 

Şahlar Əsgərov qəbul imtahanlarının çətin təşkilinin iqtisadiyyatımıza da təsirindən danışdı:

 

“Nə qədər ki, qəbul sualları bu qədər çətin salınacaq, xarici ölkələrdə təhsil almağa yollanan abituriyentlərin də sayı artmağa davam edəcək. Onlar əsasən, Gürcüstana, Ukraynaya və Türkiyə universitetlərinə müraciət edirlər. Hər ay valideyn xaricdə təhsil alan övladı üçün pul göndərir. Bu həm də iqtisadiyyatımıza böyük zərbədir”.

 

“İstedadlı gəncliyi itiririk”

 

“Həmçinin istedadlı məzunlarımız ölkəmizdəki imtahanlara qatılmır, birbaşa xarici universitetlərə təqaüdlə qəbul olunurlar. Orda onlara perpektivli işlər təklif olunur və təhsil müddəti başa çatdıqdan sonra isə vətənə qayıtmırlar. Bununla da istedadlı gəncliyi itiririk. Bu hərtərəfli zərbədir”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları