Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-30 14:29:00
Sığınacaqdakı 13 yaşlı Nigarın arzuları: “Ən böyük xəyalım təhsil almaqdır”

Bu qızcığaz sığınacağın 13 yaşlı sakini Nigar Seyidhüseynlidir. Ən həssas yaş dövrünü, valideynlərinə ən çox ehtiyacı olduğu dönəmi sığınacaqda keçirir.

APA TV xəbər verir ki, bütün bu sıxıntılara rəğmən yaşının deyil, yaşadıqlarının verdiyi müdrikliklə cavab verir suallarımıza. Çiyinlərindəki yükün də fərqindədir, bu yükün öhdəsindən ancaq təhsillə gələ biləcəyinin də: “Mən bura gələndə özümü birtəhər hiss etdim. Elə bildim ki, öyrəşməyəcəyəm bura, uşaqlara. Amma bir müddət keçəndən sonra gördüm ki, özüm kimiyəm burada, öyrəşdim. Bura mənim evim kimidir artıq. 13 yaşımdan gəlmişəm bura. Hədəflərimdən biri təhsil almaqdır. Amma ən böyük arzum budur ki, proqramçı kurslarını bitirim, proqramçı olum. Həmişə uşaqlıqdan bunu istəmişəm”.

13 yaşlı bir qızın niyə ata-anasının yanında, öz evində deyil sığınacaqda olmasını soruşmaq asan olmadı. Nigarın yarasına duz səpmək istəməsək də, söhbət əsnasında ailə daxili şiddət səbəbindən valideynləri ilə yaşamaqdan imtina etdiyini dedi. Sığınacağa isə öz istəyi ilə gəlib:

- İstəyirsənmi valideynlərin gəlsin?

- Xeyr. Özümü burada daha rahat hiss edirəm. Sanki müdafiədəyəm, güvəndəyəm.

- Bəs qohumların filan yoxdurmu, tanıdıqların?

- Yox.

- Nigarın bir günü burada necə keçir?

- Səhər biz vaxtında oyanırıq, yeməyə düşürük. Daha sonra biz idmanla məşğul oluruq, havamızı dəyişirik. Daha sonra isə başlayırıq dərsə. Yaqut xanım bizə dərs keçir bir neçə saat.

- Darıxırsanmı burada?

- Yox. Heç vaxt darıxmıram.

Kiçik yaşında həyatın sərt üzü ilə imtahan edilən Nigarın çərçivələrə sığmayan xəyalları var. Bir gün oxuyub, işləyib özü kimi sığınacaqda qalan uşaqlara yardım edəcəyəm deyir:

- Nigarın ən böyük xəyalı nədir?

- Ən böyük xəyalım təhsil almaqdır. Kursumu bitirdikdən sonra proqramist işləyib, böyük pullar qazananda istəyərdim ki, özüm kimi uşaqlara kömək edim, sığınacaqda olan xoşbəxt üzləri görüm.

Bu yaxınlarda isə bir xeyriyyəçi Nigarın kompüter kurslarına qatılması üçün bütün xərclərini öz üzərinə götürüb: “Mən heç vaxt insanlardan gözləməzdim gəlib mənə kömək etsinlər. Amma Sevinc xanım mənə kömək etdi. Mən həmişə onu xatırlayacağam. Həmişə ona minnətdar olacağam”.

Kiçik çiyinlərində böyük yük daşıyan Nigar həyatın sınağından yalnız yaxşı təhsil alaraq çıxa biləcəyinin fərqindədir. Bunun üçün isə onun yoluna işıq tutmaq, addımları üzərində daha sağlam durmasına dayaq olmaq lazımdır. Çöhrəndəki təbəssüm, ümid, heç solmasın qızcığaz!