Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-24 15:40:00
Təhsil İnstitutunun əməkdaşları beynəlxalq proqramda iştirak edirlər  

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) öz kadr potensialını gücləndirmək məqsədilə əməkdaşlarının müxtəlif proqramlara cəlb olunmasına dəstək göstərir. ARTİ-nin Layihə katibliyinin rəhbəri Nailə Ömərova və baş mütəxəssisi Aysel Həsənova Bakı Ali Neft Məktəbinin (BANM) xüsusi dəstəyi, tanınmış “TwentyEighty Strategy Execution” şirkətinin texniki dəstəyi ilə ABŞ-ın Şimali Karolina ştatının Dyuk Universitetinin layihələrin idarə edilməsi üzrə magistr proqramı əsasında hazırlanan Layihə İdarəetmə Məktəbinin (SPM) təlim proqramına qatılıblar.

 

ARTİ-dən AzEdu.az-a bildirilib ki, may ayından start götürən və 6 ay davam edəcək bu kurs “Layihələrin idarə edilməsi”, “Qrafik və xərclərə nəzarət”, “Risklərin idarə edilməsi”, “Agile & Lean”, “Layihəyə rəhbərlik, idarəetmə və kommunikasiya”, “Müqavilə idarəetməsi”, seçmə modul olaraq isə “Layihə menecerləri üçün danışıqların aparılması bacarıqları” və ya “PMP (Layihələri idarəetmə mütəxəssisi) imtahanına hazırlıq” olmaqla ümumilikdə 7 moduldan ibarətdir.

 

Təlim proqramını uğurla başa vuran iştirakçılara Dyuk Universitetinin peşəkar layihə meneceri sertifikatı veriləcək. Həmçinin proqramın məzunları 7 modul üzrə sertifikat əldə edəcək və adlarının qarşısına DCPM (Duke Certified Project Manager) inisiallarını əlavə edə biləcəklər.

 

Qeyd edək ki, dövlət və özəl sektorda fəaliyyət göstərən qurumlar artıq 100-dən çox məzunu olan Layihə İdarəetmə Məktəbinə böyük maraq göstərir və əməkdaşlarının ixtisasartırması üçün bu layihədə iştirakını dəstəkləyir.