Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-22 15:24:00
Elektrik mühəndisliyi ixtisasına dair vebinar təşkil edilib

Təhsil İnstitutu ölkədə mühəndislik ixtisaslarının təbliği məqsədilə vebinarlara start verib. İlk vebinar “Elektrik mühəndisliyinin gələcək perspektivləri” mövzusunda keçirilib.

İnstitutdan AzEdu.az-a bildirilib ki, vebinarda spiker qismində çıxış edən Fuad Soltanov neft-qaz sənayesində dəniz və quru qurğularından, energetiklərin perspektivlərindən bəhs edib. İnformasiya texnologiyaları sahəsində inkişaf, qlobal istiləşmə proqnozları və karbon qazı tullantılarının azaldılması öhdəlikləri barədə çıxış edən Fuad Soltanov, həmçinin elektrik enerjisindən qənaətlə istifadədən də danışıb. Azərbaycanda energetika sahəsində hansı mütəxəssislərə daha çox ehtiyac olduğunu vurğulayan spiker mühəndis elektrikdən gözlənilən göstəriciləri qeyd edib. Vebinar zamanı bərpa olunan enerjidən elektrik enerjisi əldə olunması və bu sahədə texnologiyanın inkişafı, ənənəvi avtomobillərin elektrik mühərrikli avtomobillərlə sürətlə əvəzlənməsi, batareya sistemləri, elektrik şəbəkəsində stabilliyin artırılması və elektrik enerjisinin daha sonra istifadə üçün saxlanılması kimi mövzulara toxunulub. İkinci Qarabağ müharibəsində qazanılan qələbə və işğaldan azad olunan ərazilərlə bağlı planlar, modul tipli kiçik elektrik enerjisi istehsalı stansiyaları və digər mühüm məqamlar qeyd olunub.

Tədbirdə digər çıxış edənlər Azərbaycanda ali təhsil müəssisələrində ikili diplomların təsis olunmasından, eyni zamanda Bakı Mühəndislik Universitetinə qəbul şərtlərindən danışıblar. Vebinarın moderatoru Könül Bədəlova “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə aid olan “Təmiz ətraf mühit” və “Yaşıl artım” ölkəsi haqqında məlumat verib.
Vebinarın sonunda spiker tədbir iştirakçılarının suallarını cavablandırıb.