Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-18 15:08:00
“Qarabağ uşaqların gözü ilə respublika onlayn videoçarx müsabiqəsi”nin qalibləri mükafatlandırılıb

İyunun 18-də “Qarabağ uşaqların gözü ilə respublika onlayn videoçarx müsabiqəsi”nin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

 

AzEdu.az xəbər verir ki, mərasimdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov müsabiqənin əhəmiyyətini vurğulayıb. Nazir müavini bildirib ki, müsabiqənin məqsədi Qarabağın qədim tarixi, mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti, adət-ənənələri barədə məktəblilərin maarifləndirilməsi, gənc nəsildə vətənə, torpağa məhəbbət hissinin artırılması və hərbi-vətənpərvərlik ruhunun təbliği, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili, həmçinin istedadlı uşaq və gənclərin aşkar edilməsindən ibarətdir.

 

Müsabiqənin gedişi və yekunları haqqında məlumat verən nazir müavini təşkilat komitəsinə 16 minə yaxın videoçarxın təqdim olunduğunu bildirib.

 

Firudin Qurbanov müsabiqə qaliblərini təbrik edib, onlara uğurlar arzulayıb.

 

Sonra Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev və digər çıxış edənlər uşaqlarda vətənpərvərlik hisslərini yüksəltmək baxımından belə müsabiqələrin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Sonda qaliblərə hədiyyələr və diplomlar təqdim olunub. Tədbir bədii hissə ilə davam edib.