Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-03 14:36:00
Qəbələdə buraxılış imtahanları keçirilib  

Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 3-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Qəbələ rayonunda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları başa çatıb.

İmtahanların keçirilməsi üçün Qəbələ rayonunda 7 mərkəz ayrılıb. Buraxılış imtahanları Qəbələ şəhərindəki 1, 2, 3, 4 və 5 saylı tam orta, həmçinin Vəndam qəsəbə və Zarağan kənd 2 saylı tam orta məktəblərdə təşkil olunub.

Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.

Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsindən verilən məlumata görə, ümumilikdə, 1513 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 21 imtahan rəhbəri və 144 nəzarətçi-müəllim cəlb olunub. İmtahanların keçirilməsi üçün 120 otaq ayrılıb. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

Bütün imtahan mərkəzlərində buraxılış imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.

 

AZƏRTAC