Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-01 14:00:00
“Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi və onun təhsilə tətbiqi” mövzusunda vebinar təşkil olunacaq  

Təhsil İnstitutu dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr edilən vebinarlara start verir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, ilk vebinar iyunun 8-i saat 19:00-da “Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi və onun təhsilə tətbiqi” mövzusunda olacaq. Vebinarda spiker qismində Təhsil İnstitutunun Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov çıxış edəcək.

 

İntiqam Cəbrayılov 1989-cu ildən Təhsil İnstitutunda çalışır. Təhsilin nəzəri və praktik problemləri, o cümlədən Azərbaycan tarixinin tədrisi problemləri ilə bağlı tədqiqatlar aparır. Azərbaycanın müstəqilliyi dövründə həyata keçirilən təhsil islahatlarında, o cümlədən standart və kurikulumların hazırlanmasında iştirak edib. Təhsil təcrübəsini öyrənmək üçün xarici ölkələrdə (Türkiyə, Fransa, İran) konfrans və seminarlara qatılıb, bəzi əsərləri Türkiyə, Rusiya və Ukraynada çap olunub. 270-dən çox elmi-metodik və pedaqoji əsərin, o cümlədən 3 dərs vəsaitinin, 10 monoqrafiya və kitabın, 8 metodik vəsaitin, 48 fənn proqramının, 8 metodik tövsiyənin və 119 elmi məqalənin, 80-dən çox konfrans materialının və topluda məqalənin müəllifidir.

 

Tədbirdə ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçılar, doktorant və dissertantlar, magistrlər, məktəb rəhbərləri və digər pedaqoji sahələrdə çalışanlar iştirak edə bilərlər.