Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-28 16:19:00
Ulu Öndər Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək qiymət verib

Azərbaycan Texniki Universitetində (AzTU) 28 May - Respublika Günü münasibətilə onlayn tədbir keçirilib.

AzTU–dan AzEdu.az-a bildirilib ki, tədbirdə çıxış edən tərbiyə işləri üzrə prorektor İsa Xəlilov bu günün tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, uzun illər çar Rusiyasının əsarətində qalan, məhrumiyyətlər yaşayan Azərbaycan xalqının, nəhayət 1918-ci ildə qazandığı müstəqillik çətinliklərlə başa gəlib.

Prorektor müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək qiymət verdiyini, bu tarixi hadisənin xalqımızın taleyində müstəsna rol oynadığını qeyd edib. Bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan Qələbə Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Universitetin professoru Şikar Qasımov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, həmin dövrün görkəmli şəxsiyyətlərinin fəaliyyətindən danışıb. Bildirib ki, dövlətimizin uğurlu daxili və xarici siyasəti müstəqilliyimizin gündən-günə möhkəmləndiyinin əyani sübutudur.

Tələbə-rektor Əli Abdullazadə, tələbələr Jalə Nağıyeva və Bəhruz Fətəliyevin çıxışları maraqla dinlənilib. Qeyd olunub ki, bugünkü gənclik müstəqilliyimizin qorunması və daha da möhkəmlənməsi yolunda üzərinə düşən məsuliyyəti tam dərk edir.

Tədbir tələbələrin hazırladığı kompozisiya ilə davam edib və sonda bir qrup fəal tələbə fəxri fərmanla təltif olunub.