Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-27 14:25:00
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Kapital Bank otağı” açılıb

Mayın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yeni auditoriyanın - “Kapital Bank otağı”nın açılışı olub. Bank tərəfindən təmir edilmiş və ADNSU tərəfindən lazımi avadanlıqlarla təchiz edilmiş auditoriyada İqtisadiyyat və menecment fakültəsinin tələbələrinə universitetin professor və müəllimləri ilə yanaşı, “Kapital Bank”ın mütəxəssislərinin də mühazirələri, təlimləri təşkil olunacaq.

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib. Bildirilib ki, tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı çıxış edərək “Kapital Bank”la mövcud əməkdaşlıq əlaqələrindən danışıb, bu əməkdaşlığın tələbələrin tədrisinə müsbət təsir göstərəcəyini deyib. Rektor müasir əmək bazarının tələblərinə maksimal dərəcədə cavab verən yüksəkixtisaslı kadrların hazırlanmasının ali məktəblərin müəssisə və təşkilatlarla əməkdaşlığı olmadan təsəvvür edilməsinin çətin olduğunu vurğulayıb. Qeyd edib ki, əməkdaşlığımız və bu gün açılışını etdiyimiz auditoriya qarşıda çox zəngin faydalı iş münasibətlərinin qurulmasından xəbər verir.
“Kapital Bank”ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Emin Məmmədov ADNSU ilə əməkdaşlığın həm bank, həm də ali məktəb üçün faydalı olacağını diqqətə çatdırıb. “Kapital Bank otağı”nda bankın əməkdaşları ilə tələbələr arasında keçiriləcək mühazirə və təlimlərin kadr hazırlığına müsbət töhfə verəcəyinə əminliyini ifadə edən E.Məmmədov ADNSU tələbələri üçün təcrübə proqramlarının, fərdi inkişaf layihələrinin gələcəkdə daha geniş şəkildə təşkil olunacağını vurğulayıb.

“Kapital Bank”ın İnsan resurslarının idarə edilməsi departamentinin direktoru Fərqanə Məmmədova, ADNSU-nun dosenti İlham Rüstəmov universitet və bank əməkdaşlığının faydasından və bu auditoriyada təhsil alacaq tələbələrin gələcək uğurlarından danışıblar.
Bankın əməkdaşları olan ADNSU-nun məzunları Zakir Xanməmmədov, Fazil Mehdiyev, həmçinin ADNSU-nun IV kurs tələbəsi Həsən Mustafayev də çıxış edərək universitet və “Kapital Bank”a onlar üçün yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.