Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-26 16:17:00
Peşə məktəblərində çalışan fənn müəllimlərin daimiləşməsi üzrə müsahibə mərhələsinə başlanılıb

Bu gündən etibarən peşə təhsil müəssisələrində çalışan ümumtəhsil fənn müəllimlərinin müddətsiz müqavilə ilə daimiləşməsi üzrə müsahibə mərhələsinə başlanılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, iki gün davam edəcək müsahibədə müvafiq fənlər üzrə ümumilikdə 32 ümumtəhsil fənn müəllimi iştirak edəcək. Müsahibəyə qatılacaq müəllimlərin seçimi zamanı peşə təhsil müəssisələrində cari tədris ili üzrə tədris fəaliyyətinin qiymətləndirilməsi və müəllimlərin işə qəbulu müsabiqəsində topladığı bal əsas götürüləcək.

Müddətsiz müqavilə ilə daimiləşmək üçün həyata keçirilən sözügedən mərhələ üzrə Müsahibə Komissiyası yaradılıb. Komissiyanın tərkibinə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, peşə təhsil müəssisələrinin rəhbərləri, hər bir ümumtəhsil fənni üzrə mütəxəssis və psixoloq daxildir.

Müsahibə onlayn formatda təşkil edilir. Qeyd edək ki, cari mərhələyə dəvətli olan iştirakçılar öncədən müsahibə vaxtları barədə məlumatlandırılıb. Seçim zamanı Müsahibə Komissiyası tərəfindən iştirakçının ixtisas, pedaqoji və tədrislə bağlı bilik və bacarıqlarının qiymətləndirilməsi və müsahibədə uğur qazanmış müəllimlərlə peşə təhsil müəssisələri tərəfindən müddətsiz əmək müqaviləsi bağlanılması nəzərdə tutulur.

Xatırladaq ki, tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbul qaydalarına uyğun olaraq mərkəzləşdirilmiş test mərhələsi təşkil edilib və nəticələrə əsasən müvafiq namizədlər peşə təhsil müəssisələrində vakansiyalar üzrə yerləşdirilib. Lakin həmin müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanması üçün müsahibə mərhələsinin təşkili pandemiya ilə əlaqədar keçirilməyib.