Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-14 11:08:00
Son günlərin ən vacib mütəxəssisləri –energetiklər hansı universitetlərdə hazırlanır? – Keçid balları və keyfiyyət

İyulun 3-də Mingəçevirdəki  elektrik stansiyasında baş verən qəza nəticəsində ölkə qaranlığa büründü.  Qəzanın fəsadlarını aradan qaldırmaq üçün tədbirlər görülsə də, bu müddətdə ölkəyə elektrik enerjisinin verilməsi dayandırıldı. Hadisə nəqliyyat, iqtisadiyyat, tibb və digər sahələrə də təsirsiz ötüşməyib.Qəzanın fəsadları aradan qaldırılsa da, iyulun 12-i bəzi bölgələrdə, o cümlədən, paytaxt ərazisində  yenidən elektrik enerjisi problemi yaşanıb. Bu dəfə isə buna səbəb kimi Ağsu rayonunda baş verən yanğın göstərilib.

Bəs ölkəmizdə bu sahə üzrə mütəxəssis hazırlayan universitetlər hansılardır? Peşəkar energetiklərimizin formalaşmasında, bu sahənin kəmiyyət və  keyfiyyət göstəricilərinə onların qatqıları nə qədərdi?

Bu sahə üzrə təhsil alan tələbələrin qəbul balları peşəkar energetika mütəxəssislərinin hazırlanması üçün kifayət edir?

AzEdu.az elektroenergetika mühəndisliyi üzrə mütəxəssis hazırlayan universitetlər və onların keçid ballarını təqdim edir:

Energetika mühəndisliyi fakültəsi I ixtisas qrupundadır. İxtisas üzrə kadrlar 10 ali təhsil müəssisəsində hazırlanır.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Elektroenergetika mühəndisliyi üzrə təhsil almaq istəyənlər 452,  Elektrik mühəndisliyi üzrə isə 413 bal toplamalıdırlar. Tədrisi ingilis dilində olan Elektroenergetika mühəndisliyinin ödənişli əsaslarla giriş balı 367, dövlət hesablı isə 431-dir. İstilik energetikası mühəndisliyi fakültəsində isə ödənişli əsaslarla 281, dövlət hesablı oxumaq üçün isə 360 bal tələb olunur.

Azərbaycan Texniki Universitetində Elektroenergetika mühəndisliyinin ödənişli əsaslarla keçid balı 241, dövlət hesablı isə 402-dir. İstilik energetikası mühəndisliyinə qəbul olunmaq üçün  200 bal tələb olunur. Elektrik mühəndisliyi ixtisasına əyani və ödənişli əsaslarla qəbulun balı 236, dövlət hesablı 375, qiyabi isə uyğun olaraq 200 və 392-dir.

Azərbaycan Memarlıq və İnşaat Universitetində isə bu sahə Elektrik mühəndisliyi fakültəsində tədris olunur. Burada ödənişli əsaslarla oxumaq üçün  258, dövlət sifarişli isə 375 bal tələb olunur.

Bakı Mühəndislik Universitetində Elektronenergetika mühəndisliyi fakültəsinə ödənişli əsaslarla 200, dövlət hesablı isə 421balla qəbul olunmaq mümkündür.

Milli Aviasiya Akademiyasının Elektroenergetika Mühəndisliyinə qəbulun balı ödənişli əsaslarla 329, dövlət sifarişli isə 407-dir.

Naxçıvan Dövlət Universitetində Elektroenergetika mühəndisliyi üzrə ödənişli təhsil almaq üçün  202 bal kifayətdir. Dövlət sifarişli təhsil üçün isə 402 bal tələb olunur.

Azərbaycan Dövlət Dəniz Akademiyasında Elektrik mühəndisliyi fakültəsinin keçid  balı  uyğun olaraq 291 və 378-dir.

Azərbaycan Dövlət Aqrar Universitetində qiyabi təhsil alıb Elektrik mühəndisi olmaq üçün 200 bal lazımdır. Əyani və ödənişli təhsilin qəbul balı 200, dövlət hesablı 385 baldır.

Sumqayıt Dövlət Universiteti elektroenergetika sahəsində ən aşağı ballarla seçilir. Belə ki, Elektroenergetika mühəndisliyi fakültəsində əyani təhsil almaq üçün  201, qiyabi üçün isə 200 bal kifayətdir. Keçən il bu fakültələrə dövlət hesablı qəbul olmayıb. Elektrik mühəndisliyi fakültəsinin isə ödənişli qəbul balı 205, dövlət hesablı 379-dur.

Enerji hadisələrinin baş verdiyi ərazidə yerləşən Mingəçevir Dövlət Universiteti də Elektroenergetika mühəndisliyi və İstilik energetikası mühəndisliyi fakültələrinə ödənişli əsaslarla qəbul üçün  200 bal tələb olunur.  Dövlət hesablı təhsil isə uyğun olaraq 444 və 364 balla mümkün olub.

Qeyd edək ki, keçid balları ötən il uyğun fakültəyə qəbul olunan sonuncu tələbənin balı ilə müəyyənləşir və bu göstəricilər hər il dəyişir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları