Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-09 13:13:00
Rafiq Əliyev Musa Yaqubdan yazdı -  "Tarixi ömrün  Nizami, Füzuli ömrü qədər olacaqdır"

 

 

 AzEdu.az dünya çapında tanınan alim,  professor Rafiq Əliyevin  bir neçə gün öncə dünyasını dəyişən Xalq şairi Musa Yaqub haqqında yazısını təqdim edir:

 

...Əziz dostum Musa, sənsizliyimizin elə ilk günündən daha dərindən anladım ki, biz səni sevənlər lap çoxdan bilirdik ki, sənin it hürəndən işıq gələnə bütün həyatın – bu 84 illik həyatın başdan-ayağa bir nağıldır, ibrət dərsi verən bir nağıl. Reallıqlardan doğan bir nağıl, kosmik dunyadan doğan bir nağıl, mənəvi aləmimizdən doğan bir nağıl. Musa Yaqub, sənin böyüklüyün, əlçatmazlığın elə ondadır ki, sən bütün həyatınla mifik bir nağıl olduğunu görməmisən, duymamısan. Tanrının millətimizə bəxş etdiyi ləyaqətli, dəyərli şəxsiyyətlərdən biri böyük, təkrarsız şairimiz, nağıl insanımız Musa Yaqubdur. Bütövlükdə böyük insanlıq nümunəsi olan, hər fikrində, hər misrasında ana təbiətə, ailəsinə, çevrəsinə, vətəninə, torpağına sonsuz məhəbbət duyulan Musa Yaqub.

Əziz dostum, deyirsən ki,

 

Bəlkə də borcundan çıxmadım, Vətən!

Ömür bahar deyil bir də qayıtsın.

Ölsəm də qoynunda qoy ölüm ki, mən,

Çürüyüm, bir ovuc torpağın artsın.

 

Sən öz ləyaqətinlə bu torpağı artırdın, özü də bir ovuc yox, bir dünya qədər. Bundan da böyük borcdan çıxmaq olardımı?

 

Musa Yaqub, sən ləyaqət, əxlaqa sözlə heykəl qoyan şairsən. İndi dünyamızda əxlaqın aşılandığı bir vaxtda necə əxlaq nümunəsi gostərdin! Mərhum həyat yoldaşına ünvanladığın “Ruh söhbəti” şeirində deyirsən:

 

Tək bənövşə bitib yaxınında,

Mənə deyəcəyin gizli sözündü –

Xırda ləçəklərdə titrəyir səsin

Atam da, anam da yatır yanında,

Necə danışaq ki, eşidilməsin.

 

İndi sən də ordasan. Pıçıltıların əxlaq dərsidir hamımız üçün.

 

Musa Yaqub, sən durulmağa çağırdın hamımızı - bütün insanları. Bildirdin ki, Apokalipsisə cəmi 2 dəqiqə qalıb axirət saatında.

 

Əziz dostum, yadındamı, sənin özünə də demişəm, ilahi, bənövşə kimi bu zərif bədəndə palıd əzəməti, palıd invariantlığı hardandır? Dağdan süzülən bulaq suyu kimi saf və şəffaf, coşqun dağ çayı kimi qüdrətli olmaq haradandır səndə? Sən görünür, Tanrının sevgisinə tuş gəlmiş bir İnsan idin.

 

Dünyada heç bir məxluq günahdan xali deyil. Özün deyirsən ki

 

Taleyin qisməti rast saldı bizi.

Yolumuz haradasa qırılacaqsa,

İtirəcəyiksə, bir-birimizi,

Xatirəm yadında qalmayacaqsa,

Bu əllər mənimki olmayacaqsa,

Bu tellər mənimki olmayacaqsa,

Gəl məni, özünə öyrətmə məni,

Hicran qorxusuyla göynətmə məni.

 

Amma bu müqəddəs günahdır. Bax bu günahın hesabına sən qəlbimizdə həmişə yaşayacaqsan.

 

Tarixi ömrün isə Nizami, Fizuli ömrü qədər olacaqdır.