Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-22 17:20:00
Müəllimlərin sertifikatlaşdırılması üçün keçirilən test imtahanları başa çatdı

Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırılması üçün keçirilən test imtahanları başa çatıb. Test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim olunub.

 

Muxtar respublikanın Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, test mərhələsi başa çatdıqdan dərhal sonra təhsilverənlərə “Test imtahanının nəticəsi haqqında arayış” təqdim edilib. Test mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın test mərhələsindən keçmiş hesab olunublar.

 

Sertifikasiya imtahanlarının test mərhələsində ən yüksək nəticələri alman dili, fransız dili, coğrafiya, ingilis dili və təsviri incəsənət müəllimliyi, ən aşağı nəticələri isə fiziki tərbiyə və ibtidai sinif müəllimliyi ixtisasları göstərib.

 

Ayrı-ayrı fənlər üzrə, ümumilikdə, 3304 müəllim imtahanlarda uğur qazanıb.

 

Qeyd edək ki, cari il yanvarın 14-dən başlayaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında qərarına uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması üçün test imtahanlarının keçirilməsinə başlanılıb.