Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-05 16:20:00
İlkə imza atan nazirlik, bağlanan məktəblər, distanta qayıdış – Təhsil icmalı

 

 

 

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə 29 mart-4  aprel təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

Bu şəhərlərdə məktəblər bağlanır:

 

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris mərhələli şəkildə qismən bərpa edilib.

 

Belə ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

 

Hazırlıq kursları fəaliyyətini davam etdirəcək:

 

Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda hazırlıq kursları fəaliyyətini davam etdirəcək.

 

Aprelin 5-də həmin ərazilərdə yalnız ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili, yəni məktəblərin bağlanması məsələsi yer alıb.

 

Beləliklə, bağlanan təhsil ocaqları sırasına hazırlıq kursları daxil deyil.

 

Nazirliyin məlumatında o da qeyd olunub ki, digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

 

Distant təhsilə keçirilən məktəblərin sayı açıqlanıb:

 

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris qismən davam etdirilir.

 

Bu barədə Təhsil Nazirliyindən bildirilib.

 

"1 fevral – 29 mart 2021-ci il tarixlərində ümumi təhsil müəssisələrinin 1,6 faizi müxtəlif vaxtlarda distant təhsilə keçirilib ki, onların böyük bir qismində əyani təhsil yenidən bərpa edilib. Xatırladaq ki, məktəblərdə müəllim, şagird və texniki heyət arasında yoluxma halları aşkar olunarsa, Təhsil Nazirliyi Səhiyyə Nazirliyi ilə razılaşdırmaqla tədrisin distant formaya keçirilməsi barədə qərar qəbul edir.

 

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb:

 

2021-2022-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin II və VI sinifləri üçün yeni hazırlanmış və ya təkmilləşdirilmiş dərslik və dərsliklərin metodik vəsaitlərinə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb.

 

Təhsil Nazirliyindən verilən məlumata görə, bu məqsədlə dərslik və dərsliklərin metodik vəsaitlərinin layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilib.

 

Yaxın müddətdə bütün layihələrin sayta yerləşdirilməsi başa çatacaq. Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş dərslik komplektlərinin məzmunu ilə tanış olmaq, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq mümkündür. İrad və təkliflər [email protected] elektron ünvanına da göndərilə bilər.

 

Məktəblərdə müəllim və texniki heyətin 55 faizi vaksin olunub:

 

Artıq məktəblərdə müəllim və texniki heyətin 55 faizi vaksin olunub.

 

Bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

 

Onun sözlərinə görə, martın 1-dən təhsil işçilərinin vaksinasiyasına başlanılıb.

 

Bölgələrdə də məktəblər bağlanmayacaq:

 

Tədrisin qismən ənənəvi formada təşkili digər bölgələrdə əvvəlki qaydada qalır. Bu qərar yalnız nəzərdə tutulmuş şəhər və rayonlara aiddir.

 

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

 

Onun sözlərinə görə, tədrisin təşkili ilə bağlı qərar olduqda Təhsil Nazirliyi onu dərhal öz resursları üzərindən paylaşır və ictimaiyyətə bu barədə məlumat verir:

 

Təhsil Nazirliyi tədrisin təşkili ilə bağlı ictimai rəy sorğusu keçirib:

 

Təhsil Nazirliyi pandemiya dövründə ümumi təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı ictimai rəy sorğusu keçirib.

 

Təhsil Nazirliyi bu xarici universitetlərin diplomunu tanımaqdan imtina edib:

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyində xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə müraciət edən ərizəçilər barədə mənfi qərarların səbəbləri arasında iki göstərici üstünlük təşkil edir.

 

Nazirlikdən verilən məlumata görə, səbəblərdən biri tələbənin təhsil səviyyəsi və forması üzrə ali təhsil müəssisəsində tələb olunan müddətdən az olması, digəri isə təhsilin məzmununu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmamasıdır.

 

Qeyd edək ki, 2017-ci ildən etibarən verilən imtinaların 25 faizi ümumilikdə 10 ali təhsil müəssisəsini əhatə edir.

 

Bakalavriat səviyyəsində ixtisasların sayı artırılıb:

 

Nazirlər Kabineti “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”na dəyişiklik edib.

 

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, humanitar və sosial ixtisaslar qrupu üzrə "Kommunikasiya və rəqəmsal media” ixtisası yaradılıb.

 

Beləliklə, ali təhsilin bakalavriat səviyyəsində ixtisasların sayı artırılıb.

 

V qrant müsabiqəsinə qəbul başa çatıb:

 

Aprelin 1-də Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinə qrant layihələrinin qəbulu başa çatıb.

 

Müsabiqəyə ümumilikdə 971 qrant layihəsi təqdim edilib. Layihə qəbulu ümumi təhsil müəssisəsi və fərdi kateqoriya üzrə aparılıb. Layihələrdən 229-u ümumi təhsil müəssisəsi, 742-i isə fərdi kateqoriya üzrə olub. Təqdim edilən layihələr üzrə texniki və məzmun ekspertizası başa çatdıqdan sonra nəticələr Təhsil Nazirliyinin rəsmi internet saytı vasitəsilə elan ediləcək. 

 

 

 

 

 

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları