Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-02 12:36:00
Nazir müşaviri məktəblərlə bağlı qərarı incələdi - TƏHLİL

“Sabah, 3 aprel 2021-ci il tarixdə saat 16:00-da Təhsil naziri Emin Əmrullayev "Pandemiya dövründə tədrisin təşkili" mövzusunda sualları şəxsən cavablandıracaq. Şəffaf və məsuliyyətli idarəetmənin üstünlüyü xüsusən böhran vəziyyətlərində özünü biruzə verir. İnsanlar əsas və birbaşa mənbədən vəziyyətə dair məlumat əldə edir və qərarların verilməsi səbəblərini daha yaxşı anlayırlar”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Təhsil nazirinin müşaviri Elnur Nəsibov şəxsi facebook hesabında yazıb. O, nazirlik tərəfindən keçirilən sorğunun əhəmiyyətini də vurğulayıb və məktəblərin qapadılmasına münasibət sə bildirib:

 

“Bu yaxında nazirlik tərəfindən keçirilmiş sorğu buna bariz nümunədir.

 

İnsanlar prosesdə iştirak edir, fikir bildirir və onların rəy və təklifləri nəzərə alınır. Bildiyimiz kimi 5 aprel 2021-ci il tarixdən etibarən Bakı, Gəncə, Sumqayıt, Şəki şəhərlərində və Abşeron rayonunda ənənəvi təhsildən distant təhsilə keçirilməsi (məktəblərin bağlanması deyil) barədə qərar qəbul edildi. Məktəblərdə təhsilin distanta keçirilməsinə dair qərar bir çox inkişaf etmiş ölkələrdə, o cümlədən İtaliya, Fransa və digər ölkələrdə də qəbul olunub. Təbii ki, bu yayılması sürətlənən, daha da cavanlaşan və yeni, təsirli ştamlarla insanların sağlamlığına mənfi təsir edən COVİD-19 virusuna qarşı məcburi tədbirdir. COVİD-19 pandemiyasının təhsilə mənfi təsiri danılmazdır. UNİCEF-in rəsmi məlumatına görə dünyada 1 milyard təhsilalan COVİD-19 pandemiyasının təsirinə məruz qalıb”.

 

“188 ölkə məktəblərdə ənənəvi təhsili dayandırmalı oldu”

 

 Dövlətlərin müvafiq təhsil qurumları məsafədən təhsilin təşkili çətinlikləri ilə üz-üzə qalmalı oldular. 188 ölkə məktəblərdə ənənəvi təhsili dayandırmalı oldu. Buna görə təhsilin internet, TV və radio üzərindən davam etdirilməsinə qərar verildi. Ölkəmizdə Virtual Məktəb və Teledərs layihələri vasitəsilə bu boşluqlar əhəmiyyətli şəkildə dolduruldu.

 

Müşavir distant və ənənəvi tədrisi müqayisə etdi:

 

 “Distant təhsil ənənəvi təhsili əvəz edə bilərmi? Əlbəttə ki, yox. Şagirdlərin sosial ünsiyyət ehtiyacları, müəllimlə interaktiv müzakirəsi və digər məsələlər var. Eyni zamanda, distant təhsil idarəçilərə və valideynlərə dərsin keyfiyyətini qiymətləndirmək, bununla bağlı müəllimə və ya təhsil müəssisəsinin rəhbərliyinə irad bildirmək və qüsurları nəzərə almaq imkanı verir. Pandemiyanın əsasən böyük şəhərlərdə yayılmasını nəzərə alsaq, orada şagirdlərin alətlərə çıxışı regionlara nisbətən daha yaxşıdır. Dünənki qərara əsasən ölkənin əksər şəhər və rayonlarında təhsil ənənəvi qaydada davam etdiriləcəkdir. Bu internet və kompüterə çıxışında müəyyən çətinliklərlə üzləşən rayon, şəhər və kəndlərdə yaşayan şagirdlərin təhsilinin davamlılığına təsir göstərməyəcəkdir. Hər bir halda hamımız pandemiyanın tezliklə təhsilə, səhiyyəyə, iqtisadiyyata və həyatımızın bütün digər sahələrinə təsirinin başa çatmasını arzulayırıq. Bunun üçün isə sanitar-epidemioloji qaydalara əməl etmək, karantin qaydalarına riayət etmək və vaksinləşmədə iştirak etmək vacibdir. Covid-siz, təhlükəsiz və sağlam təhsil ümidi ilə”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları