Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-30 14:38:00
Dünyanın ən böyük tədqiqatı - “Görünən öyrənmə”nin müəllifi “Yeni Çağırışlar”da  

02 Aprel saat 12:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Budəfəki buraxılışın qonağı Melburn Universitetinin fəxri professoru, Avstraliya Tədris və Məktəb Liderləri İnstitutunun direktoru, bestseller müəllifi Con Həttidir. Proqramı qeyd edilən tarixdə Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilində tərcümə ilə canlı izləyə bilərsiniz.

 

AzEdu.az-ın məlumatına görə, Təhsil Nazirliyinin dəstəyi və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar”da görünən öyrənmə və dəyişiklik üçün məktəb modeli haqqında danışılacaq.

 

Qeyd edək ki, professorun bestseller sayılan “Görünən öyrənmə” kitabı şagirdlərin öyrənməsinə təsir edən amilləri ortaya qoyur. 800-dən çox meta-analizin sintezindən formalaşan kitab 3 yüz milyondan çox şagirdin qatıldığı 100 mindən çox tədqiqatı əhatə edir. Bu dünyanın ən böyük tədqiqatı sayılır və dəyişiklik üçün məktəb modeli adlanır.

 

C.Hətti 1000-dən çox elmi məqalənin müəllifi, 200 disertasiyanın və 52 kitabın elmi rəhbəridir. Onun tədqiqatları öyrənmə, öyrətmə və ölçmə modellərini əks etdirir.

 

O, həmçinin Hətti Ailə Fondunun prezidentidir.

 

Məlumat üçün bildirək ki, Cəfər Mənsiminin təqdimatında yayımlanan “Yeni çağırışlar”ın əvvəlki qonaqları dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, tanınmış təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat, dünyaca məşhur finlandiyalı professor Pasi Sahlberg, Harvardlı alim, Harvardakı Dəyişiklik üzrə liderlik qrupunun rəhbəri Toni Vagner, Türkiyə Təhsil Dərnəyinin prezidenti Səlcuq Pəhlivanoğlu olub. "Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla T-network-un "Facebook" səhifəsindən (https://www.facebook.com/tnetwork.az) tanış ola bilərsiniz.