Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-19 10:24:00
90 müəllim və 200 tələbənin bilik və səriştələri artıran layihə - Mükəmməl təşəbbüs 

Bu gün bp şirkəti Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “PETRONAS”, “MOL”, “LUKOİL”, “NİCO”, “Equinor”, “İNPEX”, “ExxonMobil”, “SGC”, “İTOCHU”, “ONGC”, “TOTAL”, “Eni” – adından Azərbaycan Dövlət Neft və Sənaye Universitetində  (ADNSU)  müəllim və tələbələrin mühəndislik sahəsi üzrə ingilis dili biliklərinin  artırılması məqsədini daşıyan  bir layihənin uğurla tamamlandığını elan etdi. Bu layihə bp və tərəfdaşlarının yerli universitetlərdə  potensialın gücləndirilməsinə, o cümlədən tədrisin keyfiyyətinin artırılmasına göstərdikləri dəstək səylərinin bir hissəsidir.



Layihə nəticəsində təxminən 90 müəllim və 200 tələbənin bilik və səriştələri əhəmiyyətli dərəcədə təkmilləşdirilib.



Onların arasından ən yüksək nəticə göstərmiş 18  müəllim dilin praktik tədrisi  və metodikası üzrə universitetdə müstəqil təlim keçmək  üçün seçilmişlər. Onlar bu layıhədən qazandıqları  peşəkar bacarıqlardan istifadə edərək   müəllim və tələbələr üçün   ingilis dili üzrə təlimlər keçəcəklər.



bp-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Baxmayaraq ki, ingilis dili Azərbaycanda neft-qaz mühəndisliyi üçün əsas bilik sahəsi deyil, o, beynəlxalq elmi mənbələrə  və neft-qaz  sahəsi üzrə zəngin ədəbiyyata birbaşa çıxış imkanı yaradır. Bundan əlavə, ingilis dili bilikləri ölkədə fəaliyyət göstərən çoxsaylı beynəlxalq təşkilatlarda və şirkətlərdə işə qəbul olma imkanlarını artırır. Layihəmizin möhtəşəm nəticələrini görməkdən məmnunluq duyuruq – təlim proqramını bitirən bütün iştirakçılar ingilis dili biliklərini ən azı bir səviyyə artırıblar. Lakin, ən önəmli nəticə ondan ibarətdir ki, universitet indi artıq ixtisaslaşmış təlimçilər qrupuna malikdir – bu potensial sayəsində universitet kənardan yardım almağa ehtiyac olmadan öz müəllim heyəti və tələbələri üçün ingilis dili biliklərinin təkmilləşdirilməsini müstəqil şəkildə həyata keçirə biləcək.”  



Layihə 2019-cu ilin may ayında birillik proqram kimi başlamışdı, lakin COVİD-19 pandemiyası ilə bağlı məhdudiyyətlər səbəbindən proqramın tamamlanmasına daha uzun müddət tələb olunub.



Layihənin dəyəri təxminən 193 000 AZN-dir və o, “British Council” təşkilatı tərəfindən icra olunub.